Ukraynanın şərqində döyüşlər: Hökumət binaları əldən-ələ keçir

Slavyanskda Ukrayna Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyinin region üzrə Milis İdarəsi və meriyanın binası separatçılardan azad edilib. Liga.net-in məlumatına görə, separatçıların mövqeyinin atəşə tutulması nəticəsində helikopter və qumbaraatanlardan istifadə olunub. Xəsarət alanların olduğu bildirilir. Atışma zamanı bir hüquq-mühafizə əməkdaşı öldürülüb, daha 2-si yaralanıb. Qeyd edək ki, separatçıları dəstəkləyən Slavyansk şəhərinin meri Nelya Ştepa Artyomovsk şəhərinə qaçıb. Şəhərin idarəçiliyini Rusiyameylli fəal Vyaçeslav Ponomaryov ələ alıb. Bu arada ölkənin şərq şəhərlərində - Mariupolda Milis İdarəsi ilə Təhlükəsizlik Xidmətinin, Kramatorskda isə şəhər Daxili İşlər Nazirliyinin Şöbəsinin və hava limanının nəzarət-buraxılış məntəqəsinin separatçılar tərəfindən ələ keçirildiyi bildirilir.

Müəllif | Apa.Tv