Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin 1-ci rübünün yekunlarına həsr olunmuş iclası keçirilib
Aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Prezident İlham Əliyev 2014-cü ilin birinci rübündə ölkəmizin dinamik inkişaf etdiyini, iqtisadiyyatın 2,5 faiz artdığını, ümumi daxili məhsulun səviyyəsinin yüksəldiyini bildirib. Dövlət başçısı sosial məsələlərin həllinin diqqət mərkəzində saxlandığını, əhalinin banklardakı əmanətlərinin 20 faizdən çox artığını, orta aylıq əmək haqqının təxminən 7 faiz yüksəldiyini, valyuta ehtiyatlarının hazırda 53 milyard dollar təşkil etdiyini qeyd edib. Dövlət başçısı Azərbaycanın xarici dövlət borcunun ümumi daxili məhsulun 8 faizini təşkil etdiyini bildirib. Prezident İlham Əliyev güclü ordunun yaradılması istiqamətində tədbirlərin davam etdirildiyini, ordumuzun müasir silah-sursatla təchiz olunduğunu vurğulayıb. İclasda vergilər naziri Fazil Məmmədov, energetika naziri Natiq Əliyev, təhsil naziri Mikayıl Cabbarov ilin birinci rübündə görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məruzə ediblər. Prezident İlham Əliyev neft-qaz sektorunda işlərin yüksək səviyyədə aparıldığını, TANAP və TAP layihələrinin icrasına başlandığını bildirdi, ətraf mühitin qorunması və ağacların qanunsuz kəsilməsinə dair hərəkətlərə son qoyulması ilə bağlı tapşırıqlarını verib. Bu il ilk Avropa Oyunlarına hazırlıqla bağlı ölkəmizin həlledici mərhələyə daxil olduğunu deyən dövlətimizin başçısı Azərbaycanın bu beynəlxalq idman tədbirini Yay Olimpiya Oyunları səviyyəsində keçirmək əzmində olduğunu vurğulayıb.