Bakı polisinin "nurçu" əməliyyatı - 41 nəfər saxlanıldı
Bakıda “Nurçu” təriqətinin üzvləri saxlanılıb. Yasamal rayon Polis İdarəsindən APA-ya verilən xəbərə görə, polisə daxil olan əməliyyat məlumatı əsasında ötən gecə paytaxtın Xıdır Mustafayev küçəsində yerləşən mənzillərin birində axtarış aparılıb. Axtarış zamanı evdə toplantı keçirən “Nurçu” təriqətinin 41 üzvü saxlanılıb. Onların toplaşdığı mənzildən qanunla qadağan olunmuş dini ədəbiyyat, “Nurçu” təriqətini təbliğ edən audio və video materiallar müsadirə olunub. Saxlanılan şəxslərin böyük əksəriyyətinin izahatı alınıb və sərbəst buraxılıb. Hazırda Yasamal rayon Polis İdarəsində 9 nəfər “Nurçu” təriqətinin üzvü saxlanılır. Polisdən bildirilib ki, həmin şəxslərin də izahatı alındıqdan sonra sərbəst buraxılacaqlar.