Ukraynada vəziyyət yenidən gərginləşir
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası genişmiqyaslı antiterror əməliyyatına başlamağa qərar verib. Bunu prezident səlahiyyətlərini icra edən Ali Radanın sədri Aleksandr Turçinov bəyan edib. O bildirib ki, Kiyev Rusiyaya Ukraynanın şərqində Krım ssenarsini həyata keçirməyə imkan verməyəcək: "Bu, ukraynalılar arasında müharibə deyil, süni yaradılan qarşıdurma vəziyyətidir. Məqsəd Ukraynanı zəiflətmək, məhv eləməkdir".
Aleksandr Turçinov regionların səlahiyyətlərinin artırılması, geniş yerli özünüidarəetmə islahatları və yerlərdə şakimiyyətin yenilənməsi məsələsinə baxmağa hazır olduğunu da deyib.
Ali Radanın sədri ölkənin federallaşmasını tələb edən separatçılara ultimatum verib. Onun sözlərinə görə, bu gün yerli vaxtla səhər saat 9-a qədər onlar regionun şəhərlərində tutduqları binaları azad eləməlidirlər: “Kim ki, bizim güc strukturlarının əməkdaşlarına güllə atmayıb və zəbt edilən inzibati binaları göstərilən vaxta kimi tərk edəcək, imzalanan sərəncamla mən onlara qarşı öz hərəkətlərinə görə müvafiq cəza verilməməsi barədə göstəriş vermişəm”.
Rusiya telekanallarının Donetsk vilayətinin Slavyansk şəhərindən yaydığı kadrlarda ölən və yaralananların olduğu görünür. Amma ölənlərin hansı düşərgədən olduğunu müəyyənləşdirmək mümkün deyil.
Xarkovda isə Ukraynanın birliyi və federallaşması tərəfdarlarının aksiyaları qanlı toqquşmalarla nəticələnib. Onlarla adamın yaralandığı bildirilir.
Məlumata görə, mitinqlərdə 3000-ə yaxın adam iştirak edib. Milis toqquşmanın qarşısını ala bilməyib. Yerli hüquq-mühafizə orqanları bəyan edib ki, vahid Ukrayna tərəfdarlarının mitinqi başa çatan vaxt federallaşma tərəfdarları hücum ediblər.
Rusiyameyllilər Xarkov şəhər administrasiyasının binasını ələ keçiriblər.