Yanukoviçdən bəyanat: Vətəndaş müharibəsinə görə Ağ ev məsuliyyət daşıyır

Ukraynada qarşıdurmaların kəskinləşməsi fonunda ölkənin sabiq prezidenti Viktor Yanukoviç yenidən jurnalistlərin qarşısına çıxıb. O bu dəfə də Ukraynada baş verənlərə Rusiyanın Rostov şəhərindən münasibət bildirib. Eks-prezident bəyan edib ki, Ukrayna müflisləşməyə doğru gedir. O, ABŞ-ı Ukraynadakı hadisələrə görə ittiham edib və bildirib ki, Ağ ev başlayan vətəndaş müharibəsinə görə məsuliyyət daşıyır.

 

Viktor Yanukoviç deyib ki, Ukraynaya növbədənkənar seçki yox, dialoq lazımdır. O, hərbçiləri yeni hakimiyyətin "cinayətkar əmrlərini" yerinə yetirməməyə, "Ukrayna xalqına atəş açmamağa" çağırıb.

 

Ukraynanın vətəndaş müharibəsinə addım atdığını bildirən eks-prezidentin fikrincə, təcili refekrendumun keçirilməsi bu müharibəni dayandıra, Ukraynanı parçalanmadan qoruya bilər. Viktor Yanukoviçin fikrincə, sonra yeni Kosntitusiya qəbul edilməli, daha sonra isə parlament və prezident seçkiləri keçirilməlidir.

 

Viktor Yanukoviç iddia edib ki, Ukrayna hakimiyyəti ölkənin şərqində əməliyyata başlamaq barədə qərarı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Brennanla görüşdən sonra qəbul edib. O, Mərkəzi Kəşfiyyat İdarəsini Ukraynada qan axıdılmasına səbəb olmaqda güunahlandırıb.

 

Eks-prezidentin sözlərinə görə, Ukraynadakı sosial-iqtisadi vəziyyət pisləşir, ölkə müflisləşməyə doğru gedir.

 

Viktor Yanukoviçin mətbuat konfransında onun hakimiyyəti dövründə daxili işlər naziri işləmiş Vitali Zaxarçenko və sabiq baş prokuror Viktor Pşonka da iştirak edib.

 

Qeyd edək ki, Ukrayna hakimiyyəti Viktor Yanukoviçi ölkənin şərqindəki separatçılıq hərəkatını maliyyələşdirməkdə ittiham edir.

 

Müəllif | Apa.Tv
Apa.tv