Çilidə 2 min ev yandı
Çilidə yanğın nəticəsində 2 000 ev külə dönüb. Valparasio şəhərindəki güclü yanğın zamanı 12 nəfər həlak olub, minlərlə insan təxliyyə edilib.
Böyüklüyünə görə Çilidə ikinci şəhər olan Valparasioda yanğın liman-şəhərin yaxınlığındakı dağların yamaclarında başlayıb. Euronews xəbər verir ki, güclü külək alovların sürətlə yayılmasına səbəb olub.
Çili prezidenti Mişel Baçelet şəhərdə fövqəladə vəziyyət elan edib. La Segunda-nın məlumatına görə, DİN başçısı Rodriqo Penyalilyo yanğının söndürülməsinə hərbçilərin də cəlb olunduğunu söyləyib.
Ekspertlərin fikrincə, Valparasio şəhərinin tarixində ən güclü yanğın yaşanır. 2013-cü ilin aprelində Valparasioda 30 ev yanmışdı.
Çilinin hakimiyyət dairələri yanğında zərər çəkmiş valparasioluların hər birinə 100-250 dollar məbləğində kompensasiya ödəyir.