Azərbaycanda xəstəyə süni orqan köçürüldü
Azərbaycanda ilk dəfə Mərkəzi Neftçilər xəstəxanasında süni sidik kisəsinin qoyulması əməliyyatı keçirilib. Cərrah-uroloq Rəşad Məmmədov APA TV-yə deyib ki, əməliyyat uğurla başa çatıb. 40 yaşlı Bəhruz Quliyevə 2 ay öncə də Neftçilər xəstəxanasında xroniki böyrək çatışmazlığı səbəbi ilə böyrək köçürülüb: "Daha sonra xəstənin sidik kisəsinin büzüşmüş olduğu məlum olub. Bundan sonra xəstənin sidik kisəsinin həcminin kəskin azalması müşahidə olunub. Xəstənin sidik kisəsi faktiki olaraq, yox vəziyyətində idi. Xəstənin incə bağırsağından sidik kisəsi düzəldilərək, yeni sidik kisəsi formalaşdırılıb".
Bəhruz Quliyevin 10-15 gün xəstəxanada müayinəsini davam etdirəcək: "Hazırda xəstənin vəziyyəti, sidik ifrazı normaldır. Köçürülmüş böyrək təhlükədən xilas edilib. Onun da fəaliyyəti qənaətbəxşdir. Xəstə artıq normal qidalanır. Ümid edirəm ki, süni sidik kisəsi əməliyyatından sonra o, normal fizioloji həyat tərzini davam etdirə biləcək".
Bəhruz Quliyev hazırda vəziyyətinin daha yaxşı olduğunu deyir: "İki ildir, böyrək çatışmazlığından əziyyət çəkirdim. Hemodializ vasitəsi ilə yaşayırdım. Xəstəxanaya müraciət etdikdən sonra mənə böyrək köçürüldü. Bundan sonra sidik kisəsinin köçürülmə əməliyyatı olundum. İndi hər şey normaldır".
Xroniki böyrək çatışmazlığı böyrəklərin bir müddət zamanında öz funksiyasını yerinə yetirə bilməməsi deməkdir. Bunun nəticəsi olaraq böyrəklər qanda olan zəhərli maddələri ixrac edə bilmir, vücudda su və mineral duzların tarazlığı pozulur.