Ermənistanın yeni baş naziri təyin edildi
Ermənistan prezidenti Serj Sarkisyan Ovik Abramyanın baş nazir təyin olunması ilə bağlı fərman imzalayıb. Aprelin 13-də Ermənistan Respublika Partiyasının lideri Serj Sarkisyanın təklifi ilə ölkə parlamentinin spikeri Ovik Abramyanın bu posta namizədliyini irəli sürüb. Onun namizədliyi qəbul edilib və baş nazir təyin təyin olunması ilə bağlı fərman imzalanıb. Parlament spikeri olan Ovik Abramyan ərazi idarəçiliyi naziri, deputat, baş nazirin müavini, prezident aparatının rəhbəri vəzifələrini icra edib. 2012-ci ilin mayından baş nazir təyin edildiyi günə kimi Ermənistan Milli Yığıncağının sədri olub. Hakim partiyanın icra orqanının və şurasının üzvüdür.
APA TV-nin xəbərinə görə, keçmiş baş nazir Tiqran Sarkisyan isə aprelin 3-də istefa verib və diplomatik xidmətə göndəriləcək. Bəzi Ermənistan mətbuatında diplomatik mənbələrə istinadən onun Belçikaya səfir təyin ediləcəyi deyilir. Onun həmçinin Belçikadakı Avropa institutları ilə Ermənistan arasındakı münasibətləri də tənzimləyəcəyi bildirilir.