Rusiya BMT-nin Təhlükəsizlik Şurasının təcili toplantısını çağırıb

Ukraynanın hakimiyyət dairələri separatçılara qarşı anti-terror əməliyyatının başlanmasını elan edən kimi Rusiya BMT-nin Təhlükəsizlik Şurasının və ATƏT-in təcili toplantısını çağırıb.

 

APA TV-nin UNİAN-a istinadən xəbərinə görə, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin "Ukraynanın şərqində vətəndaşlara qarşı ordudan istifadə olunması yolverilməzdir" deyərək, Ukraynanın bu hərəkətlərinə son qoyulmasını tələb edib.

 

Fəqət BMT TŞ-nin üzvü olan 14 ölkənin heç biri Rusiyanı dəstəkləməyib. ABŞ, Fransa, Britaniya və Avstraliya isə Ukraynadakı hadisələrə görə Rusiyanı qətiyyətlə pisləyib.

 

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samanta Pauer deyib ki, Ukraynanın şərqində baş verən iğtişaşların və separatçılığın arxasında Rusiya durur.

 

Britaniya nümayəndəsi Layall Qrant isə bildirib ki, Kremlin təbliğatı və dezinformasiyası dünya birliyini aldada bilməz.

 

Rusiyanın BMT-dəki nümayəndəsi Vitali Çurkin bu iddiaları rədd edib. Onun sözlərinə görə, rəsmi Kiyev ölkənin şərqində güc tətbiq edərsə, Rusiya, ABŞ, Avropa Birliyi və Ukrayna arasında aprelin 17-də keçirilməsi nəzərdə tutulan danışıqlar təxirə salınacaq.

 

BMT-nin Ukraynadakı müşahidəçiləri bəyan ediblər ki, Slavyansk şəhərində dövlət qurumlarının binalarını yaxşı silahlanmış, bir mərkəzdən idarə olunan şəxslər ələ keçiriblər. İğtişaşlarda 50 nəfər yaralanıb.

 

Müəllif | Apa.Tv
Apa.tv