Terrorçu Abdullah Öcalanın Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb

PKK terror təşkilatının başçısı Abdullah Öcalan Nobel Sülh Mükafatını ala bilər. APA TV-nin "CNNTurk"ə istinadən məlumatına görə, onun namizədliyini İraqdakı kürd partiyalarından olan Goran Hərəkətinin millət vəkili Heval Kvestani irəli sürüb. Təklif artıq Nobel Komitəsində qəbul edilib. Heval Kvestani Nobel Komitəsinə 2013-cü ildə müraciət edib. Öcalanı Nelson Mandellaya bənzədən Kvestani, onun mükafata ən güclü namizəd olduğuna inandığını bildirib. Kvestaninin sözlərinə görə, mükafatın Öcalana verilməsi bölgədə sülhün və demokratiyanın inkişafına önəmli təsir edəcək.

Nobel Sülh Mükafatına bu il Papa Fransis, Vladimir Putin, Edvard Snouden kimi şəxslərlə birgə 278 namizəd var. 1901-2013-cü illər arasında 94 dəfə verilən mükafata bu günə qədər 100 adam və 25 təşkilat layiq görülüb.

Abdullah Öcalan Türkiyədə PKK terror təşkilatını yaradıb. O, 1999-cu ildə "vətənə xəyanət"də günahlandırılaraq ölüm hökmü ilə cəzalandırılıb. Avropa Birliyinin tələbi ilə bu cəza ömürlük həbslə əvəzlənib.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı