İraqın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Heydar Al-Barrakın APA TV-yə müsahibəsi
- Azərbaycanla İraq arasındakı münasibətlərin hazırkı durumunu necə qiymətləndirirsiniz?
- Azərbaycanla İraq arasında münasibətlər çox dinamik inkişaf edir. İki ölkə arasında dini, coğrafi, mədəni baxımdan ortaq dəyərlər çoxdur. Son zamanlar siyasi və iqtisadi münasibətlər yüksək səviyyəyə çatıb. Xüsusilə ticarət dövriyyəsi yaxşılaşıb. İki dövlət arasında rəsmi səviyyədə edilən səfərlərinin sayı artıb. 2009-cu ildə iki dövlət arasında ticarət dövriyyəsi 1 milyon dollardan artıq deyildi. 2012-ci ildə bu rəqəm 400 milyon dolları keçdi. Ötən il isə bu rəqəm 350 milyon dollara yaxın olub. Bu da iki dövlət arasında ticari və iqtisadi münasibətlərin sağlam şəkildə irəliləməsinə bir sübutdur. Ticarət dövriyyəsində Azərbaycan məhsulları daha çox üstünlük təşkil edir. Azərbaycandan İraqa qida və sənaye məhsulları ixrac olunur. İndiyə qədər iki ölkə arasında Ticarət Palatası yaradılmayıb. Biz bu istiqamətdə iş görürük. Məqsədimiz ticarət münasibətlərin daha da inkişaf etdirilməsi, ticarət dövriyyəsini artırmaqdır. Bu münasibətləri tənzimləmək üçün iki ölkə arasında hökumətlərarası komissiya mövcuddur.
- Azərbaycanın İraqda səfirliyinin açılması ilə bağlı müzakirələr nə yerdədir?
- Səfirliyin açılması asan bir iş deyil. Bir çox amillər nəzərdən keçirilməlidir. Təhlükəsizlik, iqtisadi, siyasi amillər nəzərə alınmalıdır. Ola bilsin ki, Azərbaycan İraqdakı səfirliyin açılmasını iqtisadi cəhətdən effektli hesab etmir. Çünki səfirliyin saxlanılması üçün böyük maliyyə sərf edilir. Amma mən deyərdim ki, son vaxtlar Azərbaycan tərəfindən səfirliyin açılması ilə bağlı müsbət siqnallar alırıq. Ola bilər ki, Azərbaycanın İraqdakı səfirliyi bu il açılsın.
- İki ölkə arasında birbaşa aviareysin açılmasına hazırlıq necə gedir?
- İki dövlət arasında birbaşa aviareysin açılması prosesi davam edir. Amma bilirsiniz ki, bu, texniki bir məsələdir. Nə siyasi nə, də idari məsələ deyil. Texniki məsələ olduğu üçün, bununla bağlı o qədər də informasiyamız yoxdur. İki ölkənin müvafiq dövlət qurumlarının rəsmi şəxsləri bir araya gəlməlidir. Təyyarənin enmə və qalxma saatları, logistik dəstəyin detalları müzakirə edilir. Yəni əsasən, proses gedir. Amma bir problem də var. İraq vətəndaşı Azərbaycan vizasını almaqda çətinlik çəkir. Çünki Azərbaycanın İraqda səfirliyi yoxdur. Bu səbəbdən İraq vətəndaşları Azərbaycanın səfirliyinin olduğu qonşu ölkələrə - İran, İordaniya, Türkiyəyə gedib viza almalı olurlar. Bu isə onlara əlavə problemlər yaradır. Bəzən biz Xarici İşlər Nazirliyinə viza verməklə bağlı xahiş notası göndəririk, onlar da bizə viza verirlər. Hesab edirik ki, səfirlik açılarsa, bu iş asanlaşar. İki ölkə arasında saziş layihəsi var və məsələ müvafiq qurumlar tərəfindən nəzərdən keçirilir. Bu saziş hava nəqliyyatına dair hər şeyi - sərnişinləri, yükü, təyyarənin yanacağı haradan alacağını, hava limanında nə qədər qalacağını və bir az əvvəl söylədiyim digər detalları özündə əks etdirir. Bizdə bir atalar sözü var: "Detallar əsasdan daha çətindir". Əsasda razılığa gəlirsən, amma detallara gəldikdə, çox məsələlər çıxır. Düşünürəm ki, bu il ərzində birbaşa aviareys həyata keçiriləcək.
- Martın əvvəlində İraqda terrorizmə qarşı mübarizəyə dair konfrans keçirildi. Hansı nəticələr əldə olundu?
- Bu konfrans terrorla mübarizə istiqamətində birinci beynəlxalq konfrans idi. Tədbirə İraq ev sahibliyi edirdi. Bu konfransa 50-dən artıq dövlət rəsmisi, beyin mərkəzlərinin nümayəndələri, tədqiqatçılar qatıldı. Konfrans çox səmərəli keçdi, yekun bəyanat verildi. Bütün ölkələr bəyanat verərək İraqın terrorçuluğa qarşı mübarizəsini dəstəklədilər. Biz İraq Respublikası olaraq, bu tədbirdə iştirakla bağlı Azərbaycan tərəfinə rəsmi məktub göndərdik. Amma təəssüf ki, iştirak etmədilər, bununla bağlı üzrxahlıq etdilər. Amma biz buna çox təəssüfləndik. Çünki terrorizmlə mübarizə məsələsi tək İraqın, ərəbin, İslam dünyasının məsələsi deyil. Bu dünya miqyaslı bir problemdir. Çünki terrorun təsiri hər yerdə var. Bir gün İraqı vurur, bir gün də başqa bir dövləti. Biz bu bəyanatla terrora qarşı 3-cü dünya müharibəsi açmaq çağırışı etdik. Dünya ölkələrinin diqqətini bu problemə yönəltmək istədik. Bu gün burada olan terror aktı sabah başqa bir yerdə baş verə bilər. Beynəlxalq toplum bir olub bunun qarşısını almalıdır. Konfransın başqa bir çağırışı o idi ki, dövlətlərin qanunvericilik orqanları bununla bağlı yeni qanunlar işləsinlər, bununla da terrorun təsirlərini aradan qaldırsınlar, mənbələrini ləğv etsinlər, kamikadzelərlə, onları təşviq edən dövlətlərlə mübarizə aparsınlar. Beynəlxalq dövlətlər terror infrastrukturunun qurulması təklifini etdilər. Qərara alındı ki, bu infrastrukturun mərkəzi Bağdad şəhəri olsun.
- Ölkənizin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi necədir?
- Dağlıq Qarabağ münaqişəsi başladığı ilk gündən bu günə qədər ölkəmin bu məsələ ilə bağlı mövqeyində heç bir dəyişiklik olmayıb. İraq Azərbaycan torpaqlarının bütövlüyünü dəstəkləyir, bu problemin beynəlxalq qanunlar çərçivəsində həll edilməsinə və azərbaycanlı məcburi köçkünlərin öz vətənlərinə qayıtmasına tərəfdardır. İraq hesab edir ki, bu problem sülh yolu ilə həll olunmalıdır.
- İraqda yaşayan ən çoxsaylı xalqlardan biri də türkmənlərdir. Türkmənlər dövlət və rəhbərlik strukturlarında niyə az təmsil olunurlar?
- Bu suala mən indi cavab verməyəcəyəm. Çünki yaxın vaxtlarda İraqdakı rəsmi türkmən televiziyasının baş direktoru Azərbaycana gələcək. Sizi onunla görüşə dəvət edirəm. Qoy o, durumu sizə izah etsin ki, türkmənlərin hüquqları necədir, dövlət strukturlarında hansı vəzifələr tuturlar. İraqda təkcə türkmənlər deyil, digər milli azlıqlar - şəbəklər, yezidilər və sairlər yaşayır və onlar tam haqlarını alıblar. Bu hüquq onlara həm Konstitusiya ilə, həm də cəmiyyət tərəfindən verilib. Heç birinə qarşı ədalətsizlik olmayıb.
- İraqda Kərkük məsələsi hər zaman narahatlıq doğurub. Kərkükə xüsusi status verilə bilərmi?
- Kərkük kiçik bir İraqdır. Çünki Kərkükdə bütün İraqda yaşayan millətlərin nümayəndələri yaşayır. Buna görə də Kərkükün vəziyyəti fərqlidir. Bizim Konstitusiyada Kərküklə bağlı xüsusi maddələr var. Bu maddələri həyata keçirmək üçün çox diqqətli olmalıyıq. Çünki Kərkükün vəziyyəti həm çox önəmli, həm də həssasdır. Hər hansı bir problemin yaranmasını istəmərik. Kərkükün statusuna şəhər sakinləri referendumla qərar verəcək. Bunun üçün ilk olaraq, Kərkük əhalisinin həmin yerdə yaşamaları təmin olunmalıdır. 1970 və 1980-ci illərdə Kərkükdə demoqrafik dəyişikliklər baş verdi. Kərkük türkmənlərini İraqın cənubuna yerləşdirdilər. İraqın cənubundan insanları Kərkükə, oradakı kürdləri başqa yerə köçürdülər. Oradan da başqa insanları Kərkükə gətirdilər. Şəhər qarışdı, yəni indi şəhərin əsas sakinləri bəlli deyil. Ona görə də bizim qanuna görə, əvvəlcə şəhərin əsas sakinlərini yerinə qaytarmalıyıq. Bundan sonra referendum keçirilə bilər. Bu əvvəlki rəhbərliyin insanların başına açdığı ən böyük problemlərdən biridir. Bu problemlər bizə o vaxtdan miras qalıb, amma hələ də təsirləri davam edir.
- Səfirliyin Azərbaycan mediası ilə münasibətləri necədir?
- Səfirliyin Azərbaycan jurnalistləri və kütləvi informasiya vasitələri ilə münasibətləri çox yaxşıdır. Bura gəlməzdən əvvəl, mən İraqda Xarici İşlər Nazirliyinin informasiya idarəsinin rəhbəri işləmişəm. Buna görə də özümü jurnalistlərə çox yaxın görürəm. Amma təəssüf ki, burada bəzi informasiya qurumları bizə fayda vermək əvəzinə, zərər vururlar. Məsələn, televiziyalardan birinin əməkdaşı səfirlikdən xahiş etdi ki, ona viza verək, o da Azərbaycan tamaşaçıları üçün İraq həqiqətlərindən bəhs edən reportaj hazırlasın. Səfirlik ona yardım etdi, İraqa göndərdi, bütün maliyyə məsələlərini üzərinə götürdü. Amma təəssüf ki, qayıtdıqdan sonra hazırladığı reportajda İraqı pis qələmə verdi. Montajlar edildi, keçmişdə baş vermiş partlayış hadisələri yeni baş veribmiş kimi göstərildi. Bundan başqa, bir neçə gün öncə saytlardan biri İraq prezidentinin bir il öncə öldüyünü, amma bu xəbərin gizlədildiyini yazıblar. Guya prezident kürddür və o ölsə, yerinə mütləq sünni birisi gələcək və sünnilərlə şiələr, kürdlər arasında qırğın çıxacaq. Bu xəbər bizi çox üzdü. Əgər bizə müraciət etsəydi, biz bununla bağlı mövqe bildirərdik. Bu xəbəri bizimlə dəqiqləşdirmədən yazıblar. Buna baxmayaraq, media təşkilatları ilə münasibətlərimiz çox yaxşıdır və bu kimi problemlər də düzələn problemlərdir.