Rusiya xarici işlər nazirinin müavini: "MDB keçmiş sovet ölkələrinin formatıdır"

“Müstəqil Dövlətlər Birliyi parçalanmağa hazırlaşmır. MDB keçmiş sovet ölkələrinin formatıdır və çox az adam bilir ki, bu formata müxtəlif fəaliyyət sahələrinə dair 70-dən çox orqan daxildir".

APA TV-nin xəbərinə görə, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Vasili Nebenza deyib. O bildirib ki, hazırda 9 MDB ölkəsi azad ticarət zonası yaradıb və xidmət ticarəti və dövlət satınalmaları haqqında müqavilənin imzalanmasına hazırlıqlar gedir.

 

Diplomat Ukraynanın MDB-dən çıxmasının fakt olmadığını bildirib. Çünki Ukraynanın belə addımı öz vətəndaşlarının maraqlarına mənfi təsir göstərəcək. MDB çərçivəsində 450 müqavilə imzalanıb və bu müqavilələrin 223-də Ukrayna iştirak edir. Ukraynanın hipotetik olaraq MDB-dən çıxması onun bir sıra müqavilələrdən kənarda qalmasına gətirib çıxaracaq. Ona görə də, MDB-dən çıxmaq mövzusu Ukrayna əhalisi üçün “bayram” ola bilməz.

 

Rusiya xarici siyasət idarəsi başçısının müavini Krımda baş verənlərin Dağlıq Qarabağ və Dnestryanı münaqişələrin tənzimlənməsinə necə təsir edəcəyi ilə bağlı sualı da cavablandırıb.: "Mən Krımda baş verənlərlə Dağlıq Qarabağ və Dnestryanı münaqişələr arasında paralellər aparmazdım. Dağlıq Qarabağ konfliktinin tənzimlənməsi ilə ATƏT-in Minsk Qrupu məşğul olur. Orada Rusiya, ABŞ və Fransa həmsədrlər səviyyəsində təmsil olunurlar. Onlar azərbaycanlılarla ermənilər arasında birbaşa dialoqun olmasına vasitəçilik etməyə çalışırlar. Bir müddət əvvəl MDB ölkələri XİN başçılarının sammiti çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü oldu. Ondan əvvəl də hər iki ölkə liderlərinin görüşü keçirilib. Dnestryanı münaqişənin tənzimlənməsi üçün “5+2” formatı var. Bu istiqamətdə də iş davam etdirilir".

 

Nebenza həmçinin Avropa Birliyi ilə əməkdaşlığın inkişaf etdirilməsinin Rusiya və digər MDB ölkələri üçün prioritet olduğunu söyləyib.

 

Müəllif | Apa.Tv
Apa.tv