Müəmmalı xəstəlik: Bu xəstəliyin fəsadları bəzən dahiliyə səbəb olur

"Bu gün sevgiyə, qayğıya, inama daha çox ehtiyacı olanlardan danışacağıq. Dünyada milyonlarla insanın əziyyət çəkdiyi autizmdən - sinir hüceyrələrinin pozulması xəstəliyindən. Amma əslində autizm xəstəlik deyil, bir fərqlilikdir".

 

5 yaşlı Hüseyn Azərbaycanda  autizmli doğulan minlərlə uşaqdan biridir. 1 yaş 8 ayında olarkən valideynləri Hüseynin kənar təsirlərə olduqca laqeyd olduğunu hiss ediblər. Bütün autizmli uşaqlara xas olan bu əlamətlə bərabər Hüseyn gözə baxmaqdan çəkinir. İstəklərini özündən böyüklərin əllərindən istifadə edərək işarələrlə bildirir, uşaqlarla oynamır, səbəb olmadan ağlayır, gülür və mənası izah olunmayan hərəkətlər edir. Müəyyən hərəkətləri dəfələrlə təkrarlamağı xoşlayır.

Azərbaycanda hər 88 uşaqdan biri autizmlidir. Aparılan araşdırmalara görə, ölkədə  təxminən 50 mindən çox autizm xəstəsi var. Amma bununla belə bu işlə kompleks şəkildə məşğul olunmadığı deyilir. Xəstəliyin vaxtında aşkarlanması və tez müalicəsində irəliləyiş psixoloqla keçirilən dərslərlə birgə 85 faiz təşkil edir.

Türkiyəli mütəxəssis Emel Ayyıldız APA TV-yə bildirib ki, Azərbaycanda autizmli uşaqlarla məşqlər edilir. Çeşidli bədən hərəkətləri ilə, sıçramalar, uzanmalar, əsnəmələr kimi çalışmalar etməklə uşaqların müalicəsi aparılır. 

 

Mütəxəssislər hesab edir ki, autizmin yaranmasına beyin inkişafının pozğunluğu, xromosom anomaliyalar və ya gen mutasiyaları səbəb ola bilər. Bəzi ekspertlər isə bu xəstəliyin irsən keçdiyini iddia edirlər. Ümumi əqli vəziyyətin hansı səviyyədə olmasından asılı olmayaraq autizmli uşaqlar onları əhatə edən dünyanı dərk etməkdə çətinlik çəkirlər. Təəssüflə qeyd edilir ki, bu gün autizmli uşaqlara kar, lal olmaq kimi diaqnoz qoyulur. Halbuki, həmin uşaqlar hərəkətlərə bilərəkdən reaksiya vermirlər. Müalicənin gecikməsi sonradan çox az effekt verir. Hüseynin anası, Autizm İnkişaf Mərkəzinin direktoru Almara Məlikova Azərbaycanda valideynlərin autizmlə bağlı bilgiərinin çox az olduğunu deyib.

"Mənim özümün də başıma o iş gəlib. Yanlış diaqnozlarla, ruh düşkünlüyü ilə çıxdığım qapılar çox olub".

Mütəxəssis Emel Ayyıldız deyib ki, nə qədər anlamsız deyilsə də autizmli uşaqların davranışında bir anlam var. Tək problem isə onları anlaya bilməməyimizdədir. Onları anlamağımızla, diqqət göstərməyimizlə autizmli uşaqlara xeyrimiz ola bilər. Önəmli məqamlardan biri də odur ki, autist uşaqların təxminən 30 faizi orta səviyyədən yuxarı intellektə malik olurlar, hətta bəzilərində müxtəlif sahələrdə nəzərə çarpan bacarıqlar ola bilər. "Əgər ana hər hansısa bir stress yaşayırsa, ana bətninin sinir hüceyrəsinin tamamlamasında pozğunluq və disbalanslıq baş verir. Bu autistli xəstələrdə daha çox olur. Onların bir sahədə çalışmaları, dəqiq elmlərə meylli olmaları odur ki, onlar bir şeyi hər tərəfli paylaşdıra bilmir. Bir şeyə daha çox diqqət yönəldirlər".  Ekspertlər hesab edir ki, bir çox hallarda autizm sindromu olan uşaqlar valideynləri tərəfindən cəmiyyətdən təcrid olunur. Bu isə gələcəkdə həmin uşaqların həyatında əlavə təhlükə yaradacağından xəbər verir. Mütəxəssislər autist uşaqların valideynlərinə tövsiyə edir ki, onlar mütləq uşağa "dayan" sözünü öyrətməlidirlər. Bu uşaqların müxtəlif fobiyaları olur, onlar real təhlükəni görməyə bilərlər. Məsələn, maşın yolunu baxmadan keçə, isti əşyalara toxuna bilərlər. Əgər uşaq "dayan" sözünü anlasa bu onu təhlükələrdən qoruya bilər. Autist uşaqlar adətən televizora baxmağı xoşlayırlar, lakin onlara məhdudiyyət qoymaq lazımdır, uşağı mənasız, stereotip hərəkətlərdən yayındırmaq lazımdır. Bunu rəqs, yerində hoppanmaq və s. ilə etmək olar. Uşaq ilə mümkün qədər çox söhbət etmək lazımdır. Yadda saxlamaq vacibdir ki, autist uşağın digər uşaqlardan çox ünsiyyətə ehtiyacı var.  Onların etimad və səmimiyyətini qazanmaq mütləqdir. Təsadüfi deyil ki, dünyaca məşhur insanlardan - britaniyalı yazıçı Vircinya Vulf, Amerika Birləşmiş Ştatlarının 7-ci prezidenti Endryu Cekson, amerikalı aktrisa Deril Hanna, amerikalı kinorejissor Vudi Allen, məşhur Niderland rəssamı Vinsent Van Qoq, ingilis fizik İsaak Nyuton, yazar Frans Kafka, Nitşe. Siyahını xeyli uzatmaq da olar. Amma bəzən elə görünür ki, autistlərə heç kim lazım deyil, onlar təklikdə rahat olur. Lakin bu belə deyil, onların cəmiyyətə ehtiyacı var, onlar başa düşülmək istəyirlər, lakin bunu necə etməyi  bilmirlər. Kiçik bir gülüş bu insanların dünyanı dərk etməsinə səbəb olur. 

Müəllif | Apa.Tv