Başı kəsilən qardaşların qətli ilə bağlı yeni təfərrüatlar məlum olub - YENİLƏNİB

Qaxda başı kəsilən qardaşların qətli ilə bağlı bəzi təfərrüfatlar məlum olub. Qax Rayon Prokurorluğundan APA TV-yə verilən məlumata görə, rayonun Vaqif Eyvazov küçəsində, bir həyətdə tikilmiş iki fərdi yaşayış evinin hər birində bədəninin boyun nahiyəsindən kəsilmiş meyitlər aşkarlanıb. Hadisə yerinə dərhal Qax rayon polis şöbəsinin və prokurorluğunun əməkdaşları cəlb edilib. Aparılan araşdırmalar zamanı məlum olub ki, qətlə yetirilən şəxslər milliyyətcə gürcü, Azərbaycan vətəndaşları olan iki qardaş - 58 yaşlı İase İsaqoviç Rostiaşvili və 54 yaşlı Besorion İsaqoviç Rostiaşvilidir. Qətlə yetirilən qardaşların eyni həyətdə amma, ayrı-ayrı evlərdə tənha yaşadığı bildirilir. Onların qohumlarının dediyinə görə, hər iki qardaşın heç kəslə ədavəti olmayıb. Qardaşların içki düşkünü olduğu bildirilir. APA TV-nin əldə etdiyi məlumata görə, qardaşlardan biri bir müddət öncə həyatyanı sahəsini satıb.

Müstəntiq İlqar Səfərov deyib ki, aprelin 14-ü saat 10:30-da Qax Rayon Polis Şöbəsindən rayonun Vaqif Eyvazov küçəsi 11 ünvanında iki naməlum kişi meyitinin aşkar edilməsi ilə bağlı rayon prokurorluğa məlumat daxil olub: "Eyni həyətdə iki fərdi yaşayış evində İase İsaqoviç Rostiaşvili və onun qardaşı 54 yaşlı Besorion İsaqoviç Rostiaşvilinin meyitləri aşkar edilib. Hər iki meyitin müayinəsi zamanı boyun nahiyəsinə kəsici alətlə xəsarət yetirmə və xeyli sayda qan itirmənin onların ölümünə səbəb olduğu müəyyən edilib".

Faktla bağlı Qax Rayon Prokurorluğunda cinayət işi başlayıb, qətlə yetirilən qardaşların hansı şəraitdə və kim və yaxud kimlər tərəfindən öldürüldüyü araşdırılır.
 

Müəllif | Apa.Tv
Vüqar Heydərov