Azərbaycan prezidentinin İrana səfərinin təfərrüatları açıqlanıb

“İran-Azərbaycan münasibətlərindən üçüncü qüvvələr narahatdır və hər iki dövlət bunun qarşını almaq üçün birgə səylərini davam etdirməlidir”.
APA TV-nin xəbərinə görə, bu sözləri İranın Azərbaycandakı səfiri Möhsün Pakayin prezident İlham Əliyevin İrana səfərini şərh edərkən deyib. Onun sözlərinə görə, görüş zamanı İran prezidenti Həsən Ruhani ölkəsinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini bir daha ifadə edib: "Prezident Həsən Ruhani Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri əsasında həllinin vacibliyini vurğulayıb. İran Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və dəstəklədiyini bir daha bəyan edib. İran hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə və ikitərəfli müzakirələr əsasında həll edilməlidir".

Səfir bu səfərin hər iki ölkə üçün vacib olduğunu vurğulayaraq, görüşdə 3 anlaşma memorandumu və bir müqavilənin imzalandığını deyib: "Anlaşma memorandumlarından biri Araz çayı üzərində Marazan-Ordubad Su Elektrik Stansiyasının tikintisidir. 2 ildən çoxdur ki, hər iki tərəfin mütəxəssisləri bu layihə üzərində iş aparır və texniki tərəflərini araşdırır. Bu SES-in tikintisində məqsəd 2 ölkənin elektrik tələbatını ödəmək və Araz çayının suyundan səmərəli istifadə etməkdir. 2-ci anlaşma memorandumu baş verə biləcək fövqəladə hallarla bağlıdır. Hər iki ölkənin seysmik zonada yerləşməsi, meşə zolaqlarının, çayların olması, Xəzər dənizində baş verə biləcək fövqəladə hallar bu memorandumun imzalanmasını zəruri edirdi".

İranlı diplomat digər memorandumun Gənclər və İdman nazirlikləri arasında imzalandığını qeyd edib. Bundan başqa, səfər çərçivəsində iki ölkə arasında hökumətlərarası komissiyanın iclasları bərpa edilib və sədrlər seçilib. Səfirin sözlərinə görə, Azərbaycanla İran həmçinin bölgədəki sabitlik naminə təhlükəsizlik sahəsindəki əməkdaşlığı müzakirə ediblər.
 

Müəllif | Apa.Tv