Litvanın daxili işlər naziri Azərbaycandadır
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Azərbaycanda rəsmi səfərdə olan Litvanın daxili işlər naziri Dailis Alfonsas Barakauskasın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı fövqəladə halların idarə olunması sahəsində mövcud əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Görüşdən sonra qonaqlar FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində “Əməliyyat zalı” və İctimaiyyətlə Əlaqə İdarəsinin Multimedia Mərkəzinin fəaliyyəti ilə tanış olublar. Qonaq həmçinin Fövqəladə Hallar Nazirliyinin Akademiyası və Dövlət Yanğından Mühafizə Xidmətinə baş çəkib, onların fəaliyyəti ilə yaxından tanış olub.
Qeyd edək ki, ölkəmizdə səfərdə olan Litvanın daxili işlər naziri Dailis Alfonsas Barakauskas Fəxri xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib. Daha sonra qonaqlar Şəhidlər xiyabanında olub, məşəlin qarşısına əklil qoyublar.