Tovuzda güclü atışma: Əlibəyli iriçaplı silahlardan atəşə tutulub

Bu gecə Tovuzun Əlibəyli kəndində güclü atışma olub. Kənd icra nümayəndəsi Valeh Rzayevin APA TV-nin Qərb bürosuna verdiyi məlumata görə, ermənilər kəndi iriçaplı silahlardan atəşə tutublar. V.Rzayev bildirib ki, xoşbəxtlikdən xəsarət alan olmasa da, evlərin damları və həyətlər gülləbaran edilib. İcra nümayəndəsi erməni silahlı qüvvələrinin bu gün keçiriləcək monitorinq öncəsi təxribat yaratdıqlarını deyib.

 

Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 15-də Tovuz rayonu Əlibəyli kəndinin yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

 

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, səhra köməkçiləri Yevgeni Şarov və Piter Svedberq keçirəcək.

 

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Jiri Aberle keçirəcək.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli