Tovuz sakini qardaşını bıçaqladı
Tovuzda gecə saatlarında yanacaqdoldurma məntəqələrindən birinə basqın olub. Hadisə rayonun Həzi Aslanov küçəsində qeydə alınıb. Naməlum şəxslər məntəqənin kassasındakı pulları ələ keçirməyə cəhd göstərsələr də, buna nail ola bilməyiblər. Onlar müqavimət göstərən operator 29 yaşlı Vüqar Məmmədova 3 bıçaq zərbəsi endiriblər. Yaralı Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. APA TV-nin xəbərinə görə, həkimlər onun vəziyyətinin ağır olduğunu bildirirlər.
Tovuzda daha bir bıçaqlanma rayonun Əyyublu kəndində qeydə alınıb. Bu dəfə qardaş öz doğma qardaşını bıçaqlayıb. Aralarında yaranan pul üstə mübahisə sonda bıçaqla həllini tapıb. Kənddə bərbər olan 57 yaşlı Rufət Yusifov hörükçü kimi tanınan kiçik qardaşı Şahin Yusifov tərəfindən bıçaqlanıb. Tovuz Mərkəzi rayon Xəstəxanasına yerləşdirilən kənd sakinin vəziyyətini həkimlər kafi qiymətləndirir.
Hər iki faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.