Bulvarda gənc qız sevgilisi ilə telefonda danışıb, özünü dənizə atdı

Bakının Səbail rayonu, Dənizkənarı Milli Parkda intihara cəhd olub. APA TV-nin xəbərinə görə, təxminən 18 yaşlarında olan qız özünü dənizə atıb. Hadisə şahidləri dərhal Fövqəladə Hallar Nazirliyinin "112" xidmətinə zəng vuraraq kömək istəyiblər. Olay yerinə gələn nazirliyin Dövlət Sularında Xilasetmə Xidmətinin əməkdaşları kater vasitəsi ilə batan gənc qızın axtarışına çıxıblar. Qızın dənizdə boğulduğunu görən vətəndaşlardan biri, özünü suya ataraq onu dənizdən çıxarmağa müvəffəq olub.

 

Hadisə yerinə təcili yardım çağırılıb. Vəziyyəti ağır olan qıza ilkin tibbi yardım göstərilib. Daha sonra o, 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, intihara cəhd edən Matanova Nuranə Sədaqət qızının vəziyyəti stabildir. APA TV-nin əldə etdiyi məlumata görə, gənc qız sevgilisi ilə telefonla danışdıqdan sonra intihara cəhd edib.

 

 Faktla bağlı Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

 

Müəllif | Apa.Tv