Bakıda "Lexus" "Nissan X-trail"lə toqquşdu

Bakının Yasamal rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsində sürücünün xəsarət alması ilə nəticələnən qəza baş verib. APA TV-nin xəbərinə görə, qəza nəticəsində "Lexus" və "Nissan X-trail" markalı avtomobillər toqquşub. Nəticədə "Lexus"un sürücüsü xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Ayaq və baş nahiyəsindən xəsarət alan sürücü 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.

 

Qəza ilə bağlı araşdırma aparan Dövlət Yol Polisinin Yasamal Rayon Şöbəsinin əməkdaşlarının APA TV-yə verdikləri məlumata görə, qəzaya "Lexus"un sürücüsü səbəb olub. Belə ki, o hərəkət zolağında qoşa xəttin tələbini pozaraq "Nissan"ın yoluna çıxıb. Toqquşma nəticəsində avtomobillərə ciddi ziyan dəyib. "Lexus" və "Nissan" yararız vəziyyətə düşüb.

 

Qəza ilə bağlı Abbasqulu Ağa Bakıxanov küçəsində tıxac meydana gəlib. Toqquşan avtomobillər evakuatorlar vasitəsi ilə hadisə yerindən uzaqlaşdırıldıqdan sonra yolda nəqliyyatın hərəkəti normala qayıdıb. 

 

Faktla bağlı Dövlət Yol Polisinin Yasamal Rayon Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv