Putindən Obamaya çağırış: Ukraynada qan tökülməsinə imkan verməyin!
Rusiya və ABŞ prezidentləri Ukraynadakı böhranın həlli yollarını müzakirə ediblər. Putin Obamanı ABŞ-ın bütün imkanlarından istifadə edərək Ukraynada zorakılıq və qan tökülməsinə imkan verməməyə çağırıb.
"Amerikanın səsi" xəbər verir ki, ABŞ və Rusiya prezidentləri arasında telefon söhbəti açıq və səmimi olub.
“Ukrayna hökuməti, ilk növbədə, regionları və aparıcı siyasi qüvvələri yeni Konstitusiyanın hazırlanmasına cəlb etməlidir”, - deyə Putin qeyd edib.
Bundan başqa, Putin Obamanın nəzərinə çatdırıb ki, Rusiyanın Ukraynanın cənubi-şərqinə müdaxiləsi barədə ABŞ-ın narahatlığı yanlış məlumatlara əsaslanır.
ABŞ prezidenti Barak Obama bir daha Ukrayna böhranının diplomatik yolla həllinin üstünlüyünü qeyd edərək təəssüflə bildirib ki, Rusiya tərəfinin hərəkətləri buna imkan vermir.
“Son nəticədə, Ukrayna xalqının özü gələcək taleyini müəyyən etməlidir”, - deyə Obama vurğulayıb.
Obama bildirib ki, Moskvanın dəstəyi ilə rusiyameylli separatçılar Ukraynadakı vəziyyəti gərginləşdirirlər.
ABŞ prezidenti Ukraynadakı hərəkətlərinə görə Rusiyanın yeni sanksiyalarla üzləşə biləcəyini də qeyd edib.
Telefon bağlantısının Rusiya tərəfinin təşəbbüsü ilə baş tutduğunu bildirlib.