“Ölüm düşərgəsi” - qan qusan ana, zibillikdən qidalanan uşaqlar, oğlanlarını kef məclisinə satan atalar...
“Budur, bax, budur bizim yaşayışımız. Uşaqlara fikir verməyin, acdırlar deyə, dalınızca düşüblər. Bir ovuc un, bir ovuc da düyüdür bunların gündəlik yeməyi. Elə bilirlər yemək gətirmisiniz, ona görə, yığışıblar başınıza. Dayan, indi qovacağam”.
Sadullah deyir bunları… Onunla Kabilin düz girəcəyində, palçıqdan tikilmiş yastı-yapalaq evləri olan, daha çox isə qazmanı xatırladan qaçqın düşərgəsinin qarşısında görüşürük. Əslində bu adamlar elə öz vətənlərindən qaçqın düşüblər. Qəndəhardan, Helmənddən, Xostdan...
Qəribə gəldi eləmi? Qəndəhar da, Helmend də, lap elə Xost da Əfqanıstanın şəhərləridir. Orada müharibə-filan yoxdur, bu şəhərlər də işğal edilməyib. Sadəcə, Taliban zülmündən qaçıb gəliblər Kabilə, öz vətənlərində didərgindirlər...
***
...Pəncərəsi, döşəməsi olmayan qazma otaqlardır. Hər tərəf də palçıq. Aprel ayıdır, amma soyuq adamın iliyinə işləyir. Ayaqyalın, başıaçıq o yan-bu yana qaçışan uşaqlar bu düşərgəyə gələn hər kəsə ancaq bir ümidlə baxırlar: görəsən yemək gətiriblərmi? O uşaqların çoxu dərman nə olduğunu bilmir. Onların çoxunun yeməkdən çox dava-dərmana ehtiyacları var. Düşərgəyə gələn yadların əlinə baxırlar, əlinə. Əlində tutduğun kamera, ştativ, mikrofon onlar üçün sadəcə əyləncə vasitəsidir. Hətta poz verməyə belə həvəslidirlər. Ümidlidirlər, sonunun çörəklə nəticələnəcəyinə ümidlidirlər. Sonucda çörək olmayanda isə... küsürlər, inciyirlər. Baxışlarından, dumduru gözlərindən bəllidir incidikləri, küsdükləri... İndi dur, o gözlərə bax… Baxmaq olmur, utanırsan, bura gəlməyinə peşman olursan…
***
Nəvaz deyir ki, təkcə bu qış 14 körpə uşağı basdırıblar.
- Hamısı da soyuqdan öldü. Kiçiyi 5 aylıq idi, böyüyünün 4 yaşı vardı. Xədicəni 3 gün qoynumda gəzdirdim. 1 yaşı vardı. Elə mənim bədənimə yapışıb canını tapşırdı. Barmaqlarını qopara bilmirdim... Gözləri də bağlanmırdı...
Qolumuzdan tutub, bizi palçıq dalana tərəf sürükləyir az qala. Deyəsən, yaşadığı yerə tərəf aparır...
- Elə mənim arvadım da öləcək. Bir aydır tir-tir titrəyir. Nə bilim dərdi nədir? Yəqin qızdırması var. Bəlkə də vərəmdir? 4 gün qabaq yediyinin üstündədir. Gəlin, gəlin baxın…
Ad tapa bilmirik bura. Zülmət bir yerdir. Ayağının altı da palçıq, lehmə. Elə bu palçıq-döşəmənin üstünə nazik bir kilim səriblər. Qazmanın o başında da cavan bir gəlin bürünüb oturub. Daha doğrusu, biz gələndə uzanmışdı, dirsəklənib oturdu. Əsirdi, titrəyirdi, deyəsən puştuncaydı, o, qırıq-qırıq nəsə deyir, biz anlamırıq. 20 yaşı var. Vərəmdir. Dərman almağa pulu yoxdur. Yediyi azca düyü və... sudur. Üzünü göstərmədi. Yaman zarıyırdı yazıq, sanki bizdən imdad, Allahdan aman diləyirdi... Çıxanda uşaqlar əlimizə baxdılar. Yemək istəyirdilər. Pul verdik. Tərs kimi cümələr buralarda dükan-bazar da işləmir...
- Bəs sizə heç bir kömək göstərən olmur?
- Kömək nəyə deyirsən? Qışda gəlmişdilər, isti gödəkçə payladılar. Elə paylayan kimi satdıq, verdik yeməyə. Acından ölməyəcəkdik ki? Deyirsən niyə qayıtmırıq evimizə? Axı orada yaşamaq lap dəhşətdir. Burada biz ölümü gözləyirik heç olmasa, orada ölüm özü tapır səni. Qəflətən. Heç xəbərin də olmur…
***
...Başımıza yığışırlar. Hərə bir tərəfdən dillənir. Mohammad əlindəki sənədləri göstərir. Bələdçimiz Ömər tərcümə edir. Sən demə, onun 6 uşağının hamısı hepatitə yoluxub. Üstəlik vərəmdirlər. Soyuqdan, aclıqdan xəstə düşüblər. Ötən qış 4 yaşlı qızı qan qusa-qusa canını tapşırıb. Elə yolun qırağındaca basdırıblar.
- Qızına bilmirik. (Əli ilə polietilen yığınını göstərir) Bax, bunlara bürünürük ki, bəlkə küləkdənsə qorunaq. Kimin evində örtüyü, yorğanı var, ona hamı həsədlə baxır Bizim yoxumuzdu. Qışda evdə ağız-ağıza verib yatırdıq. Lap heyvan kimi.
Mohammad deyir ki, burda iş də yoxdur ki, heç olmasa gündəlik çörək pulumuzu çıxaraq. Səbirsizliklə yazın, yayın gəlməsini gözləyirlər. “Yox, iş olmayacaq” deyir, “barı canımız qızar...”
***
Sən demə, bu dərbədər olmuş məkana varlı əfqanlar çox üz tuturlar, özü də şərəfsiz təkliflərlə. Deyilənə görə, oğlanbazlıqla məşğul olan çoxları buralara "bəççe" dalınca gəlirlər. "Bəççe" oğlan uşağına deyirlər. 5-6 yaşlı uşaqları kasıb ailələrdən çox ucuz qiymətə alır, məclislərində istifadə edirlər. Həmsöhbətlərimizin dediyinə görə, qədim adət-ənənələrdən olan bəççe-bazi mərasimi indi əsasən əyalətlərdə dəbdədir. Amma Kabildə gizlində də olsa, ara-sıra rast gələrsən.
***
Bu qazma-şəhərcikdə uşaqların təhsilindən söhbət belə gedə bilməz. Sən demə, yoluxucu xəstəliklərin tüğyan etdiyi bu məkana heç bir müəllim gəlmək istəmir. Əslində dərs deməyə yer də yoxdur. Polietilendən iki çadır qurulubmuş sinif otağı əvəzinə. Onu da şaxtada camaat yandırıb - qızınmaq üçün. Polietilenin tüstüsündən neçə nəfər zəhərlənib.
Nəvaz deyir ki, çadır qurulan kimi, üstündə dava düşüb:
- Onu söküb yandırmaq üçün didik-didik elədilər. Mənim qardaşımın dişi də sındı o basabasda. Odun nə gəzir, nə danışırsız? Odun bilirsinizmi neçəyədir? Həmin pula un alarıq, ya da şəkər. Uşaqlar hər gün şəkər istəyir. Amma haradan alaq, necə alaq?
Deyir “Qarqa” adlanan bir yer var Kabil kənarında - tək-tük istirahət yerlərindən biridir.
- Hər gün axşam ora gedirik. Çoxlu yeməkxana var orda. Köhnə yemək də olsa verirlər. Olmayanda isə gözləyirik yeməyin qalığını atsınlar zibil qutularına. Sür-sümüyə dəymirik. Düyü, çörək qırıntıları götürürük... Uşaqlar götürür. Böyüklərə ayıbdır...
Üzünü çevirir. Bir söz deyəmmirəm.
Əslində… Əslində insanlığa ayıbdır...
Səbuhi Məmmədli, Fuad Kərimov
Kabil