Mikayıl Cabbarov: "Nöqsanlara yol vermiş 15 təhsil müəssisəsinin rəhbəri işdən çıxarılıb"

"Təhsil Nazirliyi tərəfindən ötən il 177 təhsil obyektində cari təmir işləri aparılıb, 370 fizika, kimya və biologiya laboratoriyaları müasir avadanlıqla təchiz olunub, 104 əmək kabineti üçün tam avadanlıq dəsti və elementlər alınıb". 

APA TV-nin xəbərinə görə, bunu prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı təhsil naziri Mikayıl Cabbarov deyib:"İki Dövlət Proqramının icrası nəticəsində 2004-cü ildə hər 1063 şagirdə bir kompüter düşdüyü halda, hazırda hər 18 şagirdə bir kompüter nisbəti təmin olunub, məktəblərin 39 faizi internet şəbəkəsinə qoşulub".

Məktəb müəllimlərinin işə qəbulundan danışan Mikayıl Cabbarov bildirib ki, ötən il 3286 vakant yer müsabiqəyə çıxarılıb: "İmtahanlarda 15030 nəfər iştirak edib, onlardan 1281 nəfər işə qəbul olunmuşdur. Əvvəlki illərdən fərqli olaraq vakant yerlərin sayı artsa da, keçid balı aşağı salınmayıb, müəllimlərin peşəkarlığı əsas meyar kimi götürülüb. Bu imtahan, həmçinin müəllimlərin peşə hazırlığında olan boşluqları aşkarlayıb. İndi müəllim hazırlığı sistemində paradoksal vəziyyət yaranıb. Təkcə ali təhsil müəssisələrinin hazırladıqları pedaqoji kadrların sayı real tələbatı təxminən 2 dəfə üstələyir".
Nazir deyib ki, ötən müddət ərzində təhsil sistemindək ciddi nöqsanlara yol vermiş 15 təhsil müəssisəsinin rəhbəri vəzifəsindən azad edilib, 21 şəxs barəsində digər intizam tənbehi görülüb. İki hal üzrə toplanmış materiallar araşdırılmaq üçün hüquq-mühafizə orqanlarına göndərilib. 

Müəllif | Apa.Tv