Bu ilin 1-ci rübündə 10 milyon tondan artıq neft hasil edilib
"Bu ilin 1-ci rübündə 10 milyon 562 min ton xam neft, 7 milyard 677 milyon kubmetr təbii qaz hasil edilib. Bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 255 min ton xam neft və 557 milyon kubmetr qaz çoxdur". APA TV-nin xəbərinə görə, bunu prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı enerji naziri Natiq Əliyev deyib. O bildirib ki, bu il yeni istismara verilən “Qərbi Çıraq” platformasından ildə təxminən 8,2 milyon ton neft və 2,8 milyard kubmetr qaz hasil ediləcək: "Möhtərəm prezident, Sizin “Azəri-Çıraq-Günəşli” yataqlarında 2011-2012-ci illərdə neft hasilatının həcminin kəskin surətdə azalması ilə əlaqədar “bp-Azərbaycan” şirkətinin rəhbərliyinin ünvanına söylədiyiniz haqlı tənqid və iradlarınız, habelə texniki problemlərin tezliklə aradan qaldırılması üçün lazımi tədbirlərin görülməsi haqqında verdiyiniz ciddi tapşırıqlar müsbət nəticələnib. Belə ki, 2013-cü ilin yekun nəticələrinə əsasən AÇG yataqlarından 30 milyon 623 min ton proqnoz göstəricilərinə qarşı 32 milyon 717 min ton və ya 2,1 milyon ton xam neft artıq hasil edilib".
Nazirin sözlərinə görə, energetika sistemində izafi güc hesabına qərb-şərq və şimal-cənub energetika dəhlizləri vasitəsilə neft və təbii qazın ixracı ilə yanaşı, elektrik enerjisinin də Avropa, Rusiya və İran istiqamətində ötürülməsi respublika üçün çox vacibdir: "Bu məqsədlə qonşu dövlətlərin energetika sistemləri ilə əlaqələrin gücləndirilməsi üçün "Azərenerji" ASC tərəfindən İran ilə cənubda, Rusiya ilə şimalda və Gürcüstan ilə qərb istiqamətində yeni enerji təsərrüfat obyektləri quraşdırılıb. Azərbaycan-Gürcüstan-Türkiyə elektrik enerjisi verilişi dəhlizi yaradılaraq, Qərbi Avropa ölkələri ilə enerji mübadiləsinin təşkili istiqamətində 2014-cü ildən başlayaraq 350 meqavat, 2015-ci ildən isə 700 meqavat güc ötürmək imkanı yaranacaqdır. Yüksək diqqətinizə çatdırmaq istərdim ki, bununla əlaqədar Energetika Nazirliyi tərəfindən sadaladığım ölkələrlə müvafiq hökumətlərarası sənədlər hazırlanıb imzalanıb".
Nazirin sözlərinə görə, hesbat dövründə qazla təmin edilən rayonların sayı 67-yə, təbii qazla təmin olunan abonentlərin sayı 1 milyon 677 minə çatıb. Son beş il ərzində isə Azərbaycan energetika sisteminin generasiya gücünü 30 faizə yaxın artırıb.