Fazil Məmmədov: "Azərbaycanda iş yerlərinin bağlanması kimi mənfi meyl olmayıb"

"Azərbayacnda bu ilin 3 ayında ÜDM-in həcmi 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz artaraq, 13 milyard 150,7 milyon manat, qeyri-neft sahəsi üzrə isə 8,8 faiz artaraq, 7 milyard 204,3 milyon manat təşkil edib". APA TV-nin xəbərinə görə, bunu prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışında vergilər naziri Fazil Məmmədov deyib. Onun sözlərinə görə, əhalinin ümumi gəlirlərinin 4,5 faiz artması fonunda inflyasiyanın səviyyəsi cəmi 2 faiz olub: "Bir sıra inkişaf etmiş ölkələrdə işsizliyin sayının artımı fonunda Azərbaycanda iş yerlərinin bağlanması kimi mənfi meyl olmayıb, əksinə hesabat dövründə 29 minə yaxın yeni iş yeri açılıb. Təsadüfi deyil ki, Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə Azərbaycan "yuxarı orta gəlirli" ölkələr kateqoriyasına aid edilib".

Hesabat dövründə dövlət büdcəsinin xərcləri 4 milyard 374,3 milyon manat icra edilib. Büdcə xərclərinin 21,8 faizi və ya 954,3 milyon manatı sosial yönümlü olmaqla, 2013-cü ilin birinci rübü ilə müqayisədə 58,2 milyon manat və ya 6,5 faiz çox təşkil edib. Fazil Məmmədov sahibkarlığın inkişafına göstərilən dövlət qayğısından danışaraq bu istiqamətdə xüsusi Dövlət proqramlarının icra olunduğunu söyləyib.

Müəllif | Apa.Tv