Azərbaycan prezidenti: "Ordu quruculuğunda böyük proqramlar həyata keçirilir"

"Ümid edirəm ki, yaxın illərdə bir dənə də köhnə, dağılmış, qəzalı vəziyyətdə hərbi hissə, yaxud da ki, tikili olmayacaq. Əfsuslar olsun ki, bu sahəyə əvvəlki illərdə diqqət göstərilmirdi, biz bunu açıq deməliyik”.

 

APA TV-nin xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev aprelin 13-də Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında söyləyib. Dövlət başçısı bildirib ki, bu il ordu quruculuğu ilə bağlı böyük proqramlar həyata keçirilir: “Nəinki silah-sursat alınır, eyni zamanda, tikinti işləri aparılır. Mən onların arasında Hərbi Dəniz Qüvvələri bazasını xüsusilə qeyd etmək istəyirəm. Artıq neçə ildir ki, bu böyük baza tikilir. Ümid edirəm ki, biz bu il bu bazanı artıq açacağıq. Digər hərbi şəhərciklərdə tikinti-quraşdırma işləri aparılır. Yeni hərbi bazalar tikilir. Bizim əsgərlərimiz, zabitlərimiz ən yüksək şəraitdə xidmət aparmalıdırlar və yaşamalıdırlar”.
Prezident İ. Əliyev deyib ki, yeni tikilmiş gəmiqayırma zavodundan da hərbi təyinatlı gəmilərin istehsalı üçün istifadə edilməlidir: “Çünki bu zavodda istənilən gəmi istehsal oluna bilər. Artıq zavoda ilkin sifarişlər də verilməyə başlayıb. Hesab edirəm ki, Müdafiə Nazirliyi də hərbi gəmilərin tikintisi ilə bağlı bu zavoda sifariş verməlidir”.
 

Bu gün Azərbaycan Ordusunda olan texnika ən güclü ordulardan da geri qalmadığını deyən prezident orduda həm müasir artilleriya qurğuları, döyüş və nəqliyyat helikopterləri, tank əleyhinə qurğular, hava hücumuna qarşı qurğular, ən müasir “T-72”, “T-90” tankları və digər hərbi silah-sursatın olduğunu və gələcəkdə daha da artacağını bildirib.
 

Müəllif | Apa.Tv