Prezident İlham Əliyev: "Bu istiqamətdə heç bir irəliləyiş olmayıb"

Azərbaycan prezidenti İlham Əliyev aprelin 13-də Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda İrana səfərinin uğurlu olduğunu deyib. APA TV-nin xəbərinə görə, Azərbaycanın regional müstəvidə iki üçtərəfli formatın təşəbbüskarı olduğunu deyən prezident bildirib ki, rəsmi Bakının beynəlxalq səviyyədə əsas məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir: "Əfsuslar olsun ki, birinci rübdə bu istiqamətdə heç bir irəliləyiş olmayıb. Baxmayaraq ki, keçən ilin sonlarında vasitəçilərin müəyyən nikbin fikirləri olub. Ancaq onlar özünü doğrultmur. Bu gün biz yenə də onun şahidiyik ki, Ermənistan sadəcə olaraq vaxt uzatmaqla məşğuldur".

 

Prezident bildirib ki, bu qədər ədalətsizliyə dözmək mümkün deyil: "Sual olunur nə üçün? Nə vaxta qədər biz bu ikili standartlarla üzləşəcəyik? Bunun səbəbi nədir? Nə üçün qondarma “Dağlıq Qarabağ respublikası”nın rəhbərləri sanksiyalardan əziyyət çəkmir? Nə üçün onlara qarşı sanksiyalar tətbiq olunmur? Bu, ədalətsizlikdir, ikili standartlardır. Ona görə biz beynəlxalq münasibətlərdə ikili standartlara qarşı öz etiraz səsimizi ucaldırıq".

Prezident deyib ki, münaqişənin həlli üçün Azərbaycan daha güclü olmalı, ilk növbədə hərbi gücümünü artırmalıdır.

 

Müəllif | Apa.Tv