Ukrayna ordusuna səfərbərlik əmri verildi
Ukrayna ordusu ölkənin müdafiəsi və milli təhlükəsizliyi üçün səfərbər olunub.
"Unian" agentliyinin xəbərinə görə, bu barədə Ukrayna müdafiə nazirini əvəz edən Mixail Koval məlumat verib.
Onun sözlərinə görə, ordu hərbi vəziyyət elan edilmədən belə, terrorçuluğa qarşı əməliyyatlara başlaya bilər. Koval silahlı qüvvələrdən istifadə etmək üçün bütün əsasların olduğunu deyib.
Ukrayna Təhlükəsizlik Xidməti Donetsk vilayətindəki diversant qrupun telefon danışıqlarını dinləyə bilib. Əldə olunan materiallar Ukraynanın şərqində genişmiqyaslı hərbi təcavüzün olduğunu təsdiqləyib.
Ukrayna Təhlükəsizlik Xidməti bundan əvvəl də diversant qrupların aşkar edildiyini və onların Rusiyanın təlimatları əsasında işlədiyini iddia edib. Rəsmi Moskva isə bu iddiaları rədd edir.
Qeyd edək ki, Ukrayna hökuməti Donetsk vilayətinin Slavyansk şəhərinin yaxınlığına hərbi qüvvələr cəmləyib. Aprelin 13-də Rusiya yönümlü separatçı yaraqlılar bu şəhərdə polis idarəsini zəbt ediblər. Kiyev yaraqlılara silahı yerə qoyub binanı tərk etmək üçün dünənə qədər vaxt versə də, tələb yerinə yetirilməyib.
Moskva Ukraynada olan rus diasporlarının maraqlarını ardıcıllıqla qoruyacaq. “İtar-Tass” xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Serqey Lavrov bildirib.
“Rusiya diasporlarının Ukraynada və digər dövlətlərdə maraqlarının ardıcıllıqla qorunması üçün bizdən asılı olan hər şeyi edəcəyik” deyə, Rusiya XİN rəhbəri Lavrov bildirib.
Bu arada Rusiya baş naziri Dmitri Medvedev Facebook səhifəsində yazıb ki, Ukrayna vətəndaş müharibəsinin astanasındadır. “Bu çox kədərlidir. Ukraynadakı faciənin səbəbi ondadır ki, bölgələrdə administrativ binalar ələ keçirilməyə başlayanda, legitim hakimiyyət qayda-qanunu qorumağa cəhd göstərməyib. Qeyri-legitim hakimiyyət isə özü pozduğu qayda-qanunu bərpa etməyə çalışır. Kiyevdə hakimiyyətə gəlmiş insanların əsl niyyəti indi üzə çıxıb” deyə o vurğulayıb.
Yeri gəlmişkən ABŞ Ukraynaya prezident seçkilərinə dəstək məqsədilə 11,4 milyon dollar yardım ayırıb.
Bu haqda mətbuat üçün gündəlik brifinqin gedişində dövlət departamentinin mətbuat katibi Cen Psaki məlumat verib.