Məcburi köçkünlər yolu bağladılar - Bakıda etiraz aksiyası

Bir qrup məcburi köçkün Qaçqın və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin binası qarşısında aksiya keçirib. Məcburi köçkünlər öncə binanın qarşısından keçən Tbilisi prospektini bağlayıblar. Polisin müdaxiləsindən sonra yol açılıb, avtomobillərin hərəkəti bərpa olunub.

Bundan sonra aksiyaçılar komitənin binası qarşısında toplaşıblar.

Aksiyada Bakı şəhəri ilə yanaşı, ölkənin rayonlarından olan məcburi köçkünlər də iştirak edib. Onların əsas tələbi evlə təmin olunmaqdır.

Narazılıq edənlərin bir qismi vaxtilə Binəqədi rayonunun 9-cu mikrorayonu ərazisində yanğın baş vermiş çoxmərtəbəli binada məskunlaşan Ağdam, Xocalı, Kəlbəcər, Xocavənd rayonundan olan məcburi köçkünlər olub. Onlar sonradan Mehdiabad qəsəbəsindəki məcburi köçkün şəhərciyində yerləşdirilsələr də, yaşayış yerlərində sıxlıqla bağlı narazılıqlarını bildiriblər.

Qaçqın və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Sənan Hüseynov bildirib ki, bu gün komitə sədrinin qəbul günüdür. Əli Həsənov hər ayın 1-i və 15-i vətəndaşları qəbul edir: "250-yə yaxın məcburi köçkün siyahıya alınıb. Artıq 70-ə qədər məcburi köçkünün şikayətinə baxılıb. Onların istəkləri müxtəlifdir. Böyük əksəriyyəti evlə təmin olunma ilə bağlıdır".

 

Sənan Hüseynov bildirib ki, məcburi köçkünlər üçün qəsəbələr salınır. Bütün problemlər tez bir zamanda həll olunmasa da, komitə çalışacaq ki, evlə bağlı çətinliklər aradan qaldırılsın.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı