“Sumqayıt camaatı”nın əmiri əsir götürüldü
Azərbaycanlı döyüşçü Suriyada əsir götürülüb. APA-nın əldə etdiyi məlumata görə, əsir götürülən şəxs “Cundu-Şam’’ silahlı qruplaşmasının tərkibində vuruşan “Sumqayıt camaatı”nın əmiri, “Talış Aqil” ləqəbli Aqil Hacıyevdir.
O, “Əl-Nüsra Cəbhəsi” silahlı qruplaşma üzvləri tərəfindən tutulub və şəriət qanunları ilə barəsində edam hökmü çıxarılıb. Onun yaxın günlərdə edam olunacağı bildirilir.
Sumqayıt hüquq-mühafizə orqanlarından APA-ya bildirilib ki, Aqil Tağı oğlu Hacıyev Lənkəran rayonunun Boladi kəndində anadan olub. Sumqayıtda xəvarici dini təriqətinin üzvü olan bir xanımla ailə qurub. Bir neçə il əvvəl ailəsini də götürərək Suriyaya gedib.
Hüquq-mühafizə orqanlarından Aqil Hacıyevin hazırda Suriyada olması barədə məlumatlara malik olduğunu bildirsələr də, onun əsir götürülməsi barədə xəbərsiz olduqlarını deyiblər.
APA TV-nin xəbərinə görə, xəvaricilərin Sumqayıtdakı əmiri Elçin Əkbərov isə Daxili İşlər Nazirliyinin 2013-cü ilin dekabrında keçirdiyi xüsusi əməliyyat zamanı həbs edilib. Elçin Əkbərov ötən il dekabrın 11-də Sumqayıtda xəvaricilərlə sələfilər arasında baş vermiş silahlı münaqişə ilə bağlı tutulub. Həmin insident zamanı Sumqayıt şəhər sakinlərindən Anar Rəhimov və Elmar Məmmədli bıçaq xəsarətləri, Təzə Corat qəsəbəsinin sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev isə qəlpə yaraları alıblar.