Sərhəddə iki erməni minaya düşüb
Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində iki erməni minaya düşüb. APA TV-nin Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə aprelin 15-də Tavuş vilayətində qeydə alınıb. Berdavan kənd sakini, 56 yaşlı Rafiq Muxsudyan və Axtanak kənd sakini, 49 yaşlı Qabriel Babikyan ot yığarkən 200 metrlik minalanmış əraziyə keçdiklərindən minaya düşüblər.
Zərbənin gücündən Rafiq Muxsudyan hadisə zamanı ölüb, digəri isə xəstəxanaya yerləşdirilib. Ermənistanın Müdafiə Nazirliyi faktı təsdiqləyib.