MTN əməliyyat keçirdi

İrandan Azərbaycana külli miqdarda narkotik gətirilməsinin qarşısı alınıb.

 

MTN-in İctimai Əlaqələr Mərkəzindən APA- TV-yə bildirilib ki, 36,5 kq narkotik vasitə tutulub. Azərbaycan vətəndaşı Həsənov Eldar Qurban oğlu hazırda şəxsiyyəti istintaqla araşdırılan Rza adlı İran vətəndaşı və digərləri  ilə əlbir olan bir qrup şəxs, satış məqsədilə külli miqdarda narkotik vasitəni İrandan qaçaq yolla, Azərbaycana gətirib. MTN-in keçirdiyi əməliyyat nəticəsində Eldar Həsənov saxlanılıb, ondan 25 kiloqram 600 qramdan artıq heroin götürülüb.

 

MTN-in keçirdiyi digər əməliyyat nəticəsində İrandan Azərbaycana qaçaq yolla narkotik gətirən Azərbaycan vətəndaşları - Əkbərov Tofiq Ağabala oğlu və Bağırov Zaur Abasəli oğlu saxlanılıb. Onlardan 8 kiloqram 500 qram həşiş və 2 kiloqram 440 qramdan artıq tiryək aşkar edilib.

 

Həmçinin, bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin qeydiyyatdan keçməyən saxta baytarlıq preparatlarının hazırlanmasının və satışa çıxarılmasının qarşısı alınıb. Azərbaycan vətəndaşı Abdullayev Muxtar Rafiq oğlu satış məqsədilə qaçaq yolla xaricdən gətirdiyi baytarlıq preparatlarını respublikanın müxtəlif xəstəxanalarından topladığı, istifadə olunmuş dərman şüşələrinə kustar üsulla qablaşdırıb, üzərlərində xarici əmtəə nişanları və rekvizitlər əks olunmuş etiketlər yapışdırmaqla baytarlıq preparatları hazırlayıb.

 

Faktlarla bağlı cinayət işi başlanıb.

 

Müəllif | Apa.Tv