Ermənilərin gülləbaran etdiyi Əlibəyliyə elektrik verilib

Ermənistan silahlı qüvvələri tərəfindən gülləbaran edilən Tovuz rayonunun Əlibəyli kəndinə təbii qaz və elektrik enerjisinin verilişi bərpa olunub. Bu barədə məlumatı APA TV-yə kəndin icra nümayəndəsi Valeh Rzayev verib. Onun sözlərinə görə, 6 saatlıq gülləbaran nəticəsində kəndin qaz xətləri, elektrik dirəklərindən bir neçəsi sıradan çıxmışdı. Nəticədə kənd qaz və işıqsız qalmışdı. Ötən gün səhər saatlarından başlayaraq, aidiyyəti qurumlar kənddə qaz və elektrik enerjisinin bərpa edilməsi istiqamətində təmir işləri aparıb və axşama doğru problem aradan qalxıb.

 

Ermənilərin kəndi davamlı olaraq atəşə tutması nəticəsində 100-ə yaxın evin damı zədələnib. Bəzi evlərin içərisinə hətta güllələr girərək yanğına səbəb olub.

 

Dünən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Tovuz rayonu Əlibəyli kəndinin yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilib. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, səhra köməkçiləri Yevgeni Şarov və Piter Svedberq keçiriblər. ATƏT nümayəndələri kənddə güllə dəyən evlərə baxıblar.

 

Monitorinq zamanı atəşkəs pozulmayıb.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli