Ukrayna ordusu Donetskdə bir hava limanını azad edib
Ukrayna ordusu Donetsk vilayətinin Slavyansk şəhərinə yaxınlaşıb. Bəzi məlumatlara görə, zirehli texnika artıq şəhərə daxil olub, bununla belə, separatçılar inzibati binaları əllərində saxlayırlar. Rusiya agentlikləri xəbər verir ki, Ukrayna ordusu Slavyanska girməyib, şəhərin girişində könüllü dəstələr postlar qurub. Yerli hökumətin məlumatına görə, adamların əlində çoxlu sayda silah var, vəziyyət ciddidir. Könüllü dəstələrdə Əfqanıstan müharibəsi veteranları və istefada olan hərbçilər birləşiblər.
Luqanskda isə rəsmi Kiyevin separatçı adlandırdığı federalizm tərəfdarları yerli əhalini könüllü dəstələrə qoşulmağa və silahlı müqavimətə çağırır. Ukrayna ordusu Donetsk vilayətinin Kramatorsk şəhərinin hava limanını azad edib. Ölən və yaralananlarla bağlı ziddiyyətli məlumatlar var. Rusiyanın xəbər agentlikləri 4-dən 11-ədək adamın öldüyünü iddia edir. Ukraynanın Müdafiə Nazirliyi isə şəhər aerodromunun xüsusi təyinatlıların nəzarətində olduğunu bəyan etsə də, tələfatla bağlı heç bir məlumat yaymayıb.
Rusiyanın Xarici İşlər Nazirliyi Ukraynanın şərq regionlarında həyata keçirilən əməliyyatla bağlı bəyanat yayıb. Rəsmi Moskva bunu cinayət adlandırıb.
Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinov isə bəyan edib ki, tezliklə Ukrayna ərazisində terrorçu qalmayacaq və onların hamısı müttəhimlər kürsüsündə əyləşəcəklər.