Bakıda psixi problemləri olan gənc özünü öldürmək istədi
Ötən gecə Bakıda intihara cəhd olub. APA TV xəbər verir ki, Nəsimi rayonunda, Cavadxan küçəsindəki 20 saylı binanın üçüncü mərtəbəsinin eyvanına çıxan kişi özünü atacağını bildirib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri, polis əməkdaşları və təcili tibbi yardım briqadası cəlb edilib.
İlkin araşdırma nəticəsində məlum olub ki, intihara cəhd edən 30 yaşlı Tağıyev Cavid Əjdər oğludur. O, bir neçə dəfə eyvana çıxıb, özünü atacağı ilə hədələsə də, sonradan mənzilə qayıdıb. Mənzilin qapısını bağlayan Əjdər Tağıyev xilasedicilərin və polis əməkdaşlarının içəri girməsinə imkan verməyib.
Xilasedicilər onunla müvafiq söhbətlər aparıb, əlverişli şəraitdən istifadə edərək mənzilin eyvanının pəncərəsindən içəri daxil olublar və intihara cəhdin qarşısını alıblar.
Cavid Tağıyev araşdırmalar üçün Nəsimi Rayon Polis İdarəsinə aparılıb. APA TV-nin əldə etdiyi məlumata görə, intihara cəhd edən şəxsin psixi problemləri var. O, təxminən bir il əvvəl Lənkəranda ruhi əsəb xəstəlikləri dispanserində müalicə alıb.