Lənkəranda "Opel" piyadanı vurdu, 3 nəfər yaralandı
Lənkəranda 3 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə şəhərin Akademik Zərifə Əliyeva küçəsində qeydə alınıb. Piyada, Lənkəran şəhər sakini, 18 yaşlı Sevanə Nicat qızı Nurullayeva hərəkətdə olan Lənkəran şəhər sakini, 37 yaşlı Hakim Ramiz oğlu Rzayevin idarə etdiyi “Opel” markalı minik avtomobilinin qarşısına qəfildən çıxıb. Sürücü dərhal əyləci basmağa macal tapsa da, qəza xətərsiz ötüşməyib. İdarəetmənin itirilməsi nəticəsində avtomobil piyadanı vurub, sonra isə özü də yolun kənarındakı bordürə çırpılıb. Güclü zərbədən sürücü və yanındakı oğlu, 9 yaşlı Hikmət Rzazadə xəsarət alıb. Hər 3 yaralı Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onlara müvafiq tibbi yardım göstərilib və hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir.
İlkin versiya kimi hadisənin piyadanın qəfildən maşın yoluna çıxması səbəbindən baş verdiyi bildirilir. Qəzanın dəqiq səbəbləri isə avtoekspertizanın rəyindən sonra bəlli olacaq.
Faktla bağlı Lənkəran Şəhər - Rayon Polis Şöbəsində araşdırma aparılır.