ATƏT PA-nın prezidenti: "Ukrayna hadisələri göstərdi ki..."
"Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prinsiplərin yerinə yetirilməsinə çalışırıq".
APA TV-nin məlumatına görə, bunu Azərbaycanda səfərdə olan ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiç deyib. Onun sözlərinə görə, ATƏT Dağlıq Qarabağ münaqişəsi ilə beynəlxalq təşkilatların qəbul etdiyi prinsipləri izləyir və onu yerinə yetirməyə çalışır. “Hazırda ATƏT-in sədri ilə çalışırıq ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun fəaliyyətində ciddi irəliləyişlərə nail olaq. Məqsədimiz odur ki, artıq ciddi nəticələr əldə edək. Çünki son vaxtlar Ukrayna ilə bağlı baş verən hadisələr göstərdi ki, biz öz prinsiplərimiz üzərində çox gərgin işləməliyik".
ATƏT-in Dağlıq Qarabağla bağlı stabil mövqeyinin olduğunu vurğulayan qurumun prezidenti Ukraynada baş verən son hadisələri də şərh edib.
"Ötən həftə həm Rusiya, həm də Ukrayna parlamentinin nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Bu, Rusiya və Ukrayna parlamentləri arasında ilk əlaqə idi. Biz bu görüşdə Ukrayna və Krımla bağlı mühüm məsələləri müzakirə etdik. Burada ATƏT-in mövqeyi bəllidir. Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Mən elə hesab edirəm ki, münaqişənin həllində parlament diplomatiyası mühüm rol oynaya bilər". Qeyd edək ki, Ranko Krivokapiçin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarlarını və Şəhidlər Xiyabanını ziyarət edib.