Ukraynada hərbçilər əsir götürülüb
Kramatorskda yerli əhali antiterror əməliyyatları üçün şəhərə girmək istəyən Ukrayna hərbçiləri ilə dolu 6 zirehli maşının qarşısını kəsib. Rusiyameyilli əhali silahlı münaqişəyə cəhd etmir, lakin texnikanın fəaliyyəti blok edilib.
Bundan başqa, Donetskdə şəhər sovetinin binasına naməlum silahlı şəxslər daxil olub. Şəhər soveti əməkdaşının açıqlamasına əsasən, maskalı şəxslər artıq binanın birinci mərtəbəsindədirlər. Lakin binanın əməkdaşlarına xəsarət yetirməyəcəklərini və işlərini davam etdirə biləcəklərini deyiblər.
APA TV-nin xəbərinə görə, aprelin 15-də Luqansk vilayətindəki Krasnıy Luç şəhərində Ukrayna silahlı qüvvələrinin bir zabiti və hərbi xidmətçisi silahlılar tərəfindən əsir götürülüb. Ukrayna Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, onlar xidməti avtomobillərindəki nasazlığı yoxlamaq üçün yolun kənarında dayanıblar. Bu zaman ekstremistlər onlara hücum edərək əsir götürüblər və naməlum istiqamətə aparıblar.
Rusiya xarici işlər naziri Sergey Lavrov isə Ukrayna ilə bağlı 17 aprelə planlaşdırılan Cenevrə görüşünün gündəmdə olduğunu deyib. O bildirib ki, bunun üçün ilk olaraq, Ukrayna fəallara silah tətbiq etməyi dayandırmalıdır.