Hesabat açıqlamayan səhmdar cəmiyyətlər cərimələnəcək
Qanunvericilikdə nəzərdə tutulmuş hesabatları ictimaiyyətə açıqlamayan səhmdar cəmiyyətlər 1500-3000 manat məbləğində cərimə olunacaq.
APA TV-nin xəbərinə görə, bunu Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədr müavini İlqar Muradov bildirib. Onun sözlərinə görə, həmin müəssisələr haqqında böyük inzibati cərimələr tətbiq edilir: "Vaxtilə bu cür qanun pozuntularına yol verildiyi halda cərimələrin məbləği 200-250 manat idisə, artıq bu məbləğlər 1500-3000 manat civarındadır. Buna görə də müəssisələr bu hesabatların dərc olunmasının vacibliyini başa düşüb".
İlqar Muradovun sözlərinə görə, Azərbaycanda qeyri-maliyyə səhmdar cəmiyyətlərinin 30%-dən azı öz fəaliyyətləri haqqında illik hesabatlar dərc edir. Banklar və sığorta şirkətlərini çıxmaqla, səhmdar cəmiyyətlərinin cəmi 20-30%-i öz fəaliyyətləri haqqında qanunun tələb etdiyi kimi açıq hesabat verir. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi daim bu problem üzərində, həmçinin müəssisələrə qanunun tələblərinə əməl edilməsi zərurəti haqqında məlumat verilməsi istiqamətində işləyir.