Bakıda uçan binaya görə tutulan şəxslərin məhkəməsi başlayır
Bakıda Heydər Əliyev prospektində baş verən bina uçqunu zamanı 2 nəfərin ölümü ilə bağlı başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb. Materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Baş Prokurorluğun mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, istintaqla söküntü işlərini həyata keçirən “Araz-2011A” MMC-nin direktoru Araz Həsənov və cəmiyyətlə bağlanmış müqavilə əsasında həmin işləri icra edən ekskovatorçu Qamət Məmmədovun “Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbul qaydaları” və “Tikintidə təhlükəsizlik texnikası” norma və qaydalarının tələblərini kobud şəkildə pozmalarında əsaslı şübhələr olduğundan təqsirləndirilən şəxs qismində cəlb edilərək, barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. İstintaqla həmçinin müəyyən edilib ki, sökülmə işlərinin aparılması zamanı təhlükəsizlik qaydalarının pozulması iki şəxsin ölümünə səbəb olmaqla yanaşı, həmin ərazidə hərəkətdə olan ayrı-ayrı şəxslərə məxsus avtomobillər də zədələnərək ümumilikdə 19.187 manat dəyərində ziyan dəyib.