FHN əkin sahələrində yanğınların qarşısının alınması üçün nəzarəti gücləndirir

Ötən il respublika ərazisində 35 ton dənli, texniki və paxlalı bitki, 2702 ton yem, eləcə də dənli, texniki və paxlalı bitkilərin əkildiyi 666 hektar sahə yanaraq məhv olub. APA TV-nin xəbərinə görə, bu faktlar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin "Əkin və meşələrin  yanğın təhlükəsizliyi" mövzusunda  Gəncədə keçirdiyi seminarda qeyd olunub. Bildirilib ki, yem məhsullarının yanması nəticəsində kənd təsərrüfatına 739 min manat, texniki və paxlalı bitki əkilmiş sahələrin yanması nəticəsində isə 231 min manat maddi ziyan dəyib. Bu rəqəmlər 2012-ci ildə qeydə alınmış müvafiq göstəricilərdən xeyli çoxdur.

 

DYNX yanğına qarşı təbliğat şöbəsinin rəisi Hikmət Xudiyev deyib ki, yanğın təhlükəsizlik tədbirlərinə insanlar arasında laqeydlik var. İnsanlar sahələrdə, müəyyən məişət problemlərini həll etmək üçün tonqal qalayırlar. Uşaqların odla dəcəllik etməsi yanğına səbəb olur. Biçinə çıxan texnikalar ilkin yanğınsöndürmə ilə təmin olunmadığı üçün bu hadisələr baş verir.

 

Seminar-müşavirədə respublikanın Qərb regionunun 9 şəhər və rayonundan  dövlət orqanlarının, bələdiyyələrin  nümayəndələri, texniki nəzarət müfəttişliklərinin, meşələrin mühafizəsi və bərpası müəssisələrinin,  “Aqrolizinq” Səhmdar Cəmiyyətinin təmsilçiləri, həmçinin kənd təsərrüfatı istehsalçıları iştirak ediblər.  Mövsümdə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə, həmçinin meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması üçün qarşıda duran vəzifələr barədə məlumat verilib.

 

Müşavirədə xidmətin təşkil etdiyi stend və yanğınla mübarizəyə dair texniki sərgi də nümayiş olunub. 

 

Müəllif | Apa.Tv
Azər Məmmədli