Ermənistan: Dünyadan təcrid, "balanslaşdırılmış siyasət", yoxsa qul dövlət?


Martın 27-də Ermənistan BMT Baş Assambleyasının Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən və Krımdakı referendumu tanımamaqla bağlı irəli sürdüyü qətnamənin əleyhinə səs verib. Bununla da Ermənistan Ukraynadakı vəziyyətə etiraz edən və bu qətnaməyə "yox" deyən - Şimali Koreya, Boliviya, Kuba, Koreya Xalq Demokratik Respublikası, Nikaraqua, Sudan, Suriya, Venesuela, Zimbabve, Belarusdan sonra 11-ci ölkə olub. "Global affairs" saytı yazır ki, Ermənistandakı bəzi siyasi fəallar bu ölkənin Şimali Koreya kimi bir ölkə ilə bir kampaniyada yer almasından narahatdır və onlar ölkələrinin faktiki olaraq Rusiyanın xeyrinə Qərbə zidd getdiyini düşünürlər. Maraqlısı odur ki, Ermənistanda "Çiçəklənən Ermənistan" və "İrs" partiyalarından başqa digər bütün siyasi qüvvələr səsvermədə bu cür iştirakı dəstəkləyiblər.

Ermənistan hakimiyyət orqanları isə bu dəstəyi belə ifadə edirlər. "Ermənistanın qarşısında Rusiya və Qərb arasında seçim etmək məsələsi dayanmamışdı. Qətnamənin mətni Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə zidd olub. Bununla da Ermənistan səsvermədə iştirak etməmək əvəzinə, Rusiyanın mövqeyini dəstəkləməyi üstün tutdu, əks halda onun Dağlıq Qarabağla bağlı mövqeyi daha zəif görünə bilərdi".

"Global affairs" saytı buna şərh verərək bildirib ki, Ermənistan Şimali Koreya ilə deyil, Finlandiya ilə eyni kampaniyada yer alıb. Soyuq müharibədən əvvəl yayılmış "finlandiyalaşma" terminini indi Ermənistana şamil etmək olar. O dövrdə Finlandiya NATO və Varşava Müqaviləsi Təşkilatı arasında balanslaşdırma siyasəti həyata keçirərək nəinki müstəqilliyini və suverenliyini qorumaq istəyirdi, o cümlədən nəzərəçarpacaq dərəcədə siyasi divident qazanmaq niyyətində idi. Ermənistan da 20 ilə yaxın Rusiya ilə Qərb arasında balanslaşdırılmış siyasət yürütməyə çalışdı. Əgər bir çox postkommunist ölkələri, 1990-2000-ci illərdə Şərqi Avropa və Baltik ölkələri, prezident Yuşenkonun dövründə Ukrayna və Saakaşvilinin dövründə Gürcüstan Qərbin dəstəyini qəbul edərək Rusiyaya qarşı mövqe tuturdularsa, Ermənistan başqa yol seçmişdi: İrəvan Qərbin, Rusiyanın, hətta İranın bir-birinə zidd gedən maraqlarını eyni zamanda dəstəkləyirdi.

Ermənistanın BMT-də keçirilən səsvermədə tutduğu mövqe Ukrayna və ya Krımla bağlı deyil. Düzdür, Ukrayna Azərbaycana silah tədarük edən əsas ölkələrdən biridir və hətta 2008-ci ilin martında GUAM-ın üzvü kimi ilk dəfə BMT Təhlükəsizlik Şurasında Ermənistanın əleyhinə Dağlıq Qarabağla bağlı qətnamə layihəsi irəli sürüb. Əslində Ermənistan hesab edir ki, Rusiyanın hərbi-strateji tərəfdaşı olaraq bu səsi verməklə həm Qarabağ mövzusunda, həm də digər məsələlərdə Rusiyanın dəstəyini ala biləcək.

Moskvanın Kesab hadisələri ilə bağlı Türkiyəyə qarşı sərt çıxışı Ermənistanın Rusiyadan umduğu ilk dəstək idi.

 

"Ermənistanın BMT Baş Assambleyasının qətnaməsinin əleyhinə səs verməsi Avrointeqrasiya tabutunun son mismarı oldu". Bu açıqlamanın müəllifi olan Ermənistanın keçmiş xarici işlər naziri Aleksandr Arzumanyan hesab edir ki, BMT-də keçirilən səsvermə Ermənistan üçün utancverici idi. Onun sözlərinə görə, bütün müstəqilliyi tarixində Ermənistan heç zaman belə qul statusunda olmamışdı.

 

Ukraynanın beynəlxalq jurnalisti Andrey Lavrenyuk isə “Vesti.az”a müsahibəsində Ermənistanın qurbanlıq dövlətə çevrilməsində təəssüfünü bildirib. Onun fikrincə, Moskva səsvermədə qərarın əleyhinə səs verməsi üçün Ermənistanı şantaj edib. Həm də dondurulmuş Dağlıq Qarabağ münaqişəsini alovlandırmaqla. Çünki münaqişə alovlanarsa Ermənistanda stabillik üçün ciddi təhlükə yaranacaq və İrəvan bu təhlükəni yaxşı anlayır.

Ermənistan xarici işlər naziri Edvard Nalbadyan isə ölkəsinin Gömrük İttifaqına daxil olmaqla bağlı işləri bu ay yekunlaşdıracağını deyib. Nazirin sözlərinə görə, İrəvan artıq may ayında bu sənədi imzalayacaq.

Ermənistanın Avropaya inteqrasiyanı ən çox dəstəkləyən baş nazir Tiqran Sarkisyan artıq istefa verib. Ekspertlər bunu Ermənistan Gömrük İttifaqına daxil olması ilə əlaqələndirirlər. Çexiyalı ekspert Erika Lerner Ermənistanın "Panorama" saytına müsahibəsində bildirib ki, Tiqran Sarkisyan Gömrük İttifaqına daxil olmaqla bağlı danışıqlara prezident Serj Sarkisyanın təzyiqi ilə gedib: “Lakin o yaxşı bilirdi ki, bu qərar onun imicinə zərbə vura bilər və bu səbəbdən də istefa verdi”.

"Baş nazirin vəzifədən getməsi bu ölkədə hökumətin xəttinin ya düzgün olmadığına, ya da vəziyyətin gərginləşdiyinə dəlalət edir".

Bu sözləri isə xarici işlər nazirinin müavini Araz Əzimov Ermənistanın baş naziri Tiqran Sarkisyanın istefa verməsinə münasibət bildirərkən deyib: "Bunların hər ikisi Ermənistanda mümkündür. Orada iqtisadi vəziyyət gərgindir və əhalinin narazılığı artır".

 

Digər paradoks. Ermənistan Gömrük İttifaqına hətta onun üzvləri ilə birbaşa sərhəd xəttinə malik olmadan daxil olur. Bu ölkənin Rusiya ilə illik ticarət dövriyyəsi bir milyard dollara çatmır. Misal üçün qeyd edək ki, Rusiyanın Qazaxıstanla ticarət dövriyyəsi 24 milyard dollardır. Ekspertlər Ermənistanın bu təşkilata daxil olmaqla heç bir xeyir əldə etməyəcəyini deyirlər. 

Müəllif | Apa.Tv
Apa.tv