Lənkəranda 61 ədəd tank əleyhinə minanı zərərsizləşdirildi

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 13 nəfərdən ibarət xüsusi əməliyyat qrupu mart ayının 3-dən  başlayan Lənkəran rayonunda dənizkənarı ərazilərin minalardan təmizlənməsi əməliyyatını davam etdirir. APA TV-nin cənub bürosunun məlumatına görə, sovetlər vaxtında tank batalyonunun poliqonu kimi  istifadə olunan ərazidə son aylarda bir neçə dəfə işlək vəziyyətdə olan hərbi sursatlar, əsasən də tank əleyhinə minalar aşkarlanıb. Lənkəran Şəhər  İcra Hakimiyyətinin respublika Nazirlər Kabinetinə müraciətindən sonra tapılan 200-ə qədər mina gözlənildiyindən də böyük təhlükənin olduğunu sübuta yetirib. Aşkarlanmış daha 61 ədəd tank əleyhinə mina təhlükəsizlik tədbirləri çərçivəsində mütəxəssislər tərəfindən zərərsizləşdirilib.

 

ANAMA-nın mütəxəssisi Böyükağa Haqverdiyevin sözlərinə görə, dəniz suyunun altında qalan minaların yerlərini təsbit etmək üçün agentlik tərəfindən xüsusi olaraq dalğıclar da bu əməliyyata cəlb olunub. Onun qənaətincə, dəniz səviyyəsinin  son 20 ildə qalxması nəticəsində  ərazidə olan iki  sovetdənqalma sursat anbarının  suyun altında qalması təmizləmə əməliyyatını çətinləşdirdiyindən əməliyyat müddəti hələ bir neçə ay da uzana bilər.

 

Müəllif | Apa.Tv