ATƏT PA-nın prezidenti Qarabağ münaqişəsinin həlli yollarından danışdı
“Tәmas xәttindә gәrginlik yaranması hәmişә müzakirә olunur. Bu mәsәlәlәr hәr dәfә ilk növbәdә qaldırılır”.
APA TV-nin xəbərinə görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, Azәrbaycanın mövqeyi birmәnalıdır: “Dünya münaqişәnin Azərbaycanın әrazi bütövlüyü çәrçivәsindә hәll olunması ilә bağlı rəsmi Bakının mövqeyini dәstәklәyir. Biz Dağlıq Qarabağa әn yüksәk muxtariyyәt statusunun verilmәsinin tәrәfdarıyıq. Gәrәk siyasi-diplomatik baxımından tәşәbbüs göstәrәk ki, bu mәsәlә yerindәn tәrpәnsin. İnanıram ki, bu yaxınlarda bu məsələdə hansısa şəkildə irəliləyiş olacaq”.
ATƏT Parlament Assambleyasının prezidenti, Monteneqro parlamentinin sədri Ranko Krivokapiç Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşündən sonra jurnalistlərə açıqlamasında ATƏT-in Azərbaycanın ərazi bütövlüyü və suverenliyini hər zaman dəstəklədiyini deyib. O bildirib ki, ATƏT münaqişənin bütün prinsiplər o cümlədən BMT-nin bütün qətnamələri çərçivəsində həllinə tərəfdardır: “Amma biz münaqişənin sülh yolu ilə həllinin yeni mərhələyə qədəm qoyması və yekun həlli yollarını axtarmalıyıq. Bu ATƏT PA-nın və ümumilikdə ATƏT ailəsinin vəzifəsidir. Münaqişənin həlli ilə bağlı proses daha aktiv ola bilər. ATƏT PA Minsk qrupu ilə birgə çalışır ki, hər dəfə bu məsələni öz gündəliyinə daxil etsin, prosesə yenidən start verilməsi üçün əlavə təşəbbüslər irəli sürsün. Çünki proses həqiqətən də bir qədər dondurulub".
Elmar Məmmədyarov Ranko Krivokapiçi qəbul edib. Görüşdə Azərbaycanla ATƏT arasında münasibətlərin inkişafı və parlament diplomatiyasının önəmi müzakirə edilib.