Ukraynanın Mariupol şəhərində 5 təxribatçı öldürüldü


Ukrayna daxili işlər nazirinin səlahiyyətlərini icra edən Arsen Avakov Mariupolda hərbi hissəyə hücum edən şəxslərdən 3 nəfərin öldürüldüyünü bildirib. Avakov hökumət qüvvələrinin itki vermədiyini qeyd edib. O, öz Facebook səhifəsində hücum zamanı hərbi hissəni ələ keçirmək istəyənlərdən 13 nəfərin yaralandığını, 63 nəfərin isə saxlanıldığını deyib. Onlardan silah və Rusiya mobil operatorlarına aid olan rabitə vasitələri də götürülüb. Hərbi hissə ətrafında toqquşma gecə saatlarından başlayıb. Təxminən 500-ə yaxın naməlum şəxs hərbçilərdən silahları onlara təhvil vermələrini tələb ediblər. Toplaşanların çoxu mülki geyimli olub, onların arasında qadınlar da görünüb. Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, hərbçilər dövlətin obyektinə kənar şəxslərin girişinə icazə verilmədiyini bildirib, əgər bu qayda pozularsa atəş açmaq səlahiyyətləri olduğu xəbərdarlığını ediblər. Buna baxmayaraq kütlə bir neçə dəqiqədən sonra hərbi hissənin ərazisinə "molotof kokteylləri" atmağa başlayıb. Hərbi hissədən cavab atəşi açılıb. Yalnız bundan sonra təxribatçılar ərazini tərk ediblər. Hazırda ərazidə əməliyyat davam edir, küçələrdə milis nəfərləri asayişi bərpa etməyə çalışırlar. Onlara dəstək üçün əlavə qüvvələr də gətirilib, şəhər səmasında helikopterlər dövrə vurur.

Müəllif | Apa.Tv
Apa.tv