Diaspor rəhbəri: "Donetskdəki ailəli azərbaycanlılar qorxur"
"Donetsk azərbaycanlıları vahid, bölünməz, unitar Ukrayna tərəfdarıdır". Bu sözləri Donetsk şəhəri Kirov rayon şurasının deputatı, Donetsk Azərbaycanlıları Konqresinin sədr müavini Pərviz Rzyaev APA TV-yə açıqlamasında deyib. Onun sözlərinə görə, oradakı azərbaycanlılar Donetsk vilayətinin digər əhalisi kimi regionda yaranan hadisədən narahatdılar.
"Bizim özümüzün vətəndaş mövqeyimiz var və biz bunu kütləvi informasiya vasitələri ilə əhalinin diqqətinə çatdırırıq. Biz vahid, bölünməz, unitar Ukrayna tərəfdarıyıq. Biz istəyirik ki, Ukrayna çiçəklənsin, vahid olsun. Krımı da Ukraynanın tərkib hissəsi hesab edirik. Biz aktiv tədbirlərə qatılmırıq. Çünki yaxşı başa düşürük ki, bütün bunlar pulla alınmış, manipulyasiya edilən tədbirlərdir. Biz pul üçün vətəni satmırıq. Pula satılanlar kimi başımızı güllə altına qoymağa da hazırlaşmırıq".
Diaspor üzvü bildirib ki, son hadisələrdən sonra Donetsk tərk edən və etmək istəyən azərbaycanlılar da var.
"Burada ailəli, uşaqlı insanlar var. Onlar qorxurlar. Heç kəs müharibə istəmir. Biz bunu bir dəfə Azərbaycanda yaşamışıq. Ona görə də bəzi insanlar gedib və bəziləri də getməyi planlaşdırır. Mən dünən Tibb Universitetinin azərbaycanlı tələbələri ilə də görüşdüm. Onlar təcili şəkildə imtahanlarını verib getmək istəyirlər. Çünki burada qəfildən atışma başlasa, ailələr orada çox narahatlıq keçirəcək".
Pərviz Rzayev Donetskdən nə qədər azərbaycanlının çıxması barədə məlumat olmadığını deyib. O bildirib ki, münaqişəyə kimi qeyri-rəsmi məlumatlara əsasən 5 milyonluq Donetsk vilayətində 16-20 min azərbaycanlı yaşayıb.