Bakı merinin sərəncamı: Qanunsuz avtodayanacaqlar ləğv edilir

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov paytaxtda yaradılmış qeyri-qanuni avtomobil duracaqlarının ləğv edilməsi barədə sərəncam imzalayıb. Sərəncamda şəhərdə müasir tələblərə cavab verən avtomobil dayanacaqlarının yaradılmasına baxmayaraq, hələ də şəhərin bəzi küçə və prospektlərində yol kənarlarında sürücülər tərəfindən bir-iki, hətta üç sıra avtomobillərin saxlanılması hallarına yol verildiyi bildirilir. Bu da həmin küçə və prospektlərdə uzun tıxacların yaranmasına, nəqliyyatın hərəkətinin iflic vəziyyətinə düşməsinə, xüsusi avtomaşınların (təcili yardım, yanğınsöndürən və s.) hərəkətlərində çətinliklər yaranmasına və vətəndaşların haqlı narazılığına səbəb olur. Qeyd olunur ki, Bakı şəhəri ərazisinin küçə və prospektlərində avtonəqliyyat vasitələrinin dayanacaq yerlərinin müəyyən edilməsi və dayanacaqlarda işin təşkili müstəsna olaraq BŞİH-in səlahiyyətinə aiddir. Bunu nəzərə alaraq, BŞİH başçısı Bakı şəhərinin küçə və prospektlərində, park və xiyabanların, metro çıxışlarının ətrafında, səkilərdə fiziki şəxslər, həmçinin heç bir hüquqi əsası olmadan bəzi dövlət strukturları, idarə, təşkilat, müəssisə və ticarət obyektləri sahibləri tərəfindən qeyri-qanuni yaradılmış dayanacaqların (sərnişin daşıyan nəqliyyat vasitələrinin təyin olunmuş dayanacaqları istisna olmaqla) ləğv edilməsi barədə sərəncam verib. Tabeçiliyindən asılı olmayaraq qeyri-qanuni fəaliyyət göstərən dayanacaq və ya belə fəaliyyət təşkil etmək istəyən hüquqi və fiziki şəxslərə qarşı tədbirlər görüləcək. Qurumun Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinə tapşırılıb ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi və Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ilə birlikdə avtomobillərin daha çox toplandığı əraziləri müəyyən etsin. Bununla bağlı daxili işlər naziri Ramil Usubova da müraciət edilib.

 

Müəllif | Apa.Tv
Apa.tv