Azərbaycanda mobil abonentlərin və internet istifadəçilərinin sayı artıb

"Cari ilin birinci rübündə informasiya-kommunikaisya texnologiyaları (İKT), informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi müqayisəli qiymətlərlə ötən ilə nisbətən 13,3 faiz artıb".

 

APA TV-nin xəbərinə görə, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Rabitə və Yüksək Texnologiyalar Nazirliyində 2014-cü ilin ilk rübünün yekunları ilə bağlı keçirilən kollegiya iclasında deyib. Nazir bildirib ki, İKT, poçt və informasiya sektoru üzrə əldə olunan gəlirlərin ümumi daxili məhsulda payı 1,9 faiz təşkil edir. Hazırda ölkədə hər 100 nəfərə düşən mobil abonentlərin sayı 110-a bərabərdir. Eyni zamanda hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 73-ə, genişzolaqlı internet istifadəçilərinin sayı isə 55-ə çatıb. Əli Abbasov “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”, Dövlət proqramları və digər hüquqi sənədlərdə nazirliyin qarşısında qoyulan mühüm tədbirlərdən danışaraq növbəti illərdə bu sektorun üzərinə düşən vəzifələrdən, gələcək hədəflərdən söz açıb. Tədbirdə prezident İlham Əliyevin 2014-cü il 6 fevral tarixli müvafiq sərəncamları ilə rabitə, informasiya-kommunikasiya texnologiyaları və kosmik sənaye sahələrinin inkişafında xidmətlərinə görə təltif olunanlara mükafatlar təqdim edilib.

Müəllif | Apa.Tv