Əbülfəs Qarayev : "Mən "İçərişəhər"də bələdçi işləyəndə..."
İçərişəhər ərazisində dünya əhəmiyyətli abidələrin konservasiya işləri yüksək standartlara uyğun formada həyata keçirilib. APA TV-nin xəbərinə görə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş konfransda bildirib ki, görülən işlər nəticəsində Qız Qalası və Şirvanşahlar sarayında yeni muzey ekspedisiyası yaradılıb, bu da "İçərişəhər"ə və həmin muzeylərə gələn insanların sayını artırıb. Samir Nuriyev bildirib ki, 3 ay ərzində Qız Qalasına 35 mindən çox ziyarətçi gəlib. Bu da ötən illərlə müqayisədə 3 dəfə çoxdur. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, 2006-cı ildə"İçərişəhər"in dünya əhəmiyyətli abidələr siyahısından çıxarılmasının qarşısının alınması üçün bir sıra tədbirlə həyata keçirilib.
“Mənim yadıma gəlir, 1975-ci ildə mən İçəri şəhərdə bələdçi işləyəndə camaatı gətirirdilər, biz orda Qız Qalasının tarixini danışırdıq. Sonra vaxt gəldi ki, tarixi yanaşmalardan, peşəkarlıqdan uzaq müxtəlif çətinliklər yarandı. Sonra biz bu abidələrin tarixini çaşdırmağa başladıq. Bu gün də biz bu problemlə üzləşirik. Çünki, bəzi bələdçilər bu tarixi bilmirlər”.
Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov bildirib ki, "İçərişəhər" təkcə tarixi abidə kimi yox, həm də əqli mülkiyyətimizdir.
“Erməniçilik Qız Qalasını bizdən ayırmaq, bu abidəni bizə yad abidə kimi göstərmək istədi. Hətta dırnaqarası erməni alimləri müxtəlif medialarda söyləyirlər ki, bu abidə bizə başqa xalqdan mirasdır”.
Abidələr və Tarixi Yerlər Günü üzrə Beynəlxalq Şurasının (İKOMOS) təklifi, BMT-nin Elm, Təhsil və Mədəniyyət Təşkilatının (YUNESKO) tövsiyələri əsasında hər il 18 aprel tarixi bütün dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd edilir.