Putin: “Rusiya Ukraynanın yanında olub, indi də yanındadır”

“Rusiya Krımı güc yolu özünə birləşdirməyib”. Bunu canlı yayımda Rusiya vətəndaşlarının suallarını cavablandıran Rusiya prezidenti Vladimir Putin deyib. O bildirib ki, qərar yalnız yerli sakinlərin durumu barədə alınan məlumatlardan sonra qəbul edilib. Putin yaxın müddət ərzində Novorossiysk hərbi dəniz donanmasının bir hissəsinin Krıma köçürüləcəyini də qeyd edib.

"Yarımadada hərbi əməliyyat tələm-tələsik hazırlandı, lakin yüksək peşəkarlıqla həyata keçirildi. Biz Krımda yaşayan rusdilli əhalinin taleyinə görə narahatlıq keçirirdik və buna görə Rusiya başqa cür edə bilməzdi. Ölkəmiz heç vaxt heç kimə təcavüz etməyib. Rusiyanın Ukraynanın parçalaması kimi bir niyyəti yoxdur. Bu iddialar cəfəngiyyatdır. Rusiya həmişə Ukraynanın yanında olub və həmişə də Ukraynaya yaxın olacaq. Çünki ölkəmizin Ukraynaya yardımı artıq yüz milyardlarla dolları təşkil edir".

 

O bildirib ki, Ukraynanın cənub-şərqindəki vəziyyətlə bağlı təcili toplanmaq və oradakı insanlarla danışıqlar aparmaq lazımdır. Rəsmi Kiyevin mülki şəxslərə qarşı tanklardan istifadə etməsini pisləyən Rusiya prezidenti Ukraynanın uçuruma doğru irəlilədiyini bildirib.

 

"Ukrayna məsələsi üzrə kompromisin Rusiya və ABŞ arasında deyil, Ukrayna daxilində siyasi güclər arasında tapılmalıdır. Ukrayna böhranını ekstremist üsullarla həll etmək olmaz. 100 illərdir bəzi qüvvələr Rusiya ilə Ukrayna arasına girmək üçün əlindən gələni edir. Yuqoslaviya göz qabağındadır. Tikə-tikə etdilər və hazırda istədikləri formada idarə edirlər".

 

Rusiyanın dövlət başçısı Dnestryanı ərazinin gələcəyi ilə bağlı dialoqu intensivləşdirməyi təklif edib. Putin Çinlə əməkdaşlıq və beynəlxalq problemlərə yanaşmaların görünməmiş səviyyədə olduğunu, amma tərəflər arasında hərbi-siyasi ittifaqın yaradılması məsələsini müzakirə etmədiyini deyib.

 

Müəllif | Apa.Tv